
Milli estradada öz dəsti-xətti olan müğənni İradə İbrahimovanın aprelin 3-də 35 yaşı tamam olur. Hazırda Türkiyədə olan və özəl gününü ailəsi və dostların əhatəsində qeyd edəcək sənətçimiz ANS PRESS-ə açıqlamasında ad günün ailəsi ilə qeyd edəcəyini deyib.
"Doğum günüm bu axşam ailə içində qeyd olunacaq. Növbəti gün yaxın dotlarla bir araya gəlməyi düşünürük. Uşaqkən böyüməyə tələsirik. Yaş artıqca isə kədərlənirik. Çox zaman gənclik, cavanlıq geridə qalır, deyə düşünürük. Amma insan yaşa dolduqca daha da müdrikləşir, həyata fərqli gözlə baxır. Hər yaşda insan nəyisə öyrənir. Ən əsası geriyə boylananda peşiman olmadan irəliyə doğru addımlaya bilməyimizdir.
Mən əksər doğum günümdə təmtəraqdan uzaq durmağa çalışmışam. Sakit gün keçirmək istəmişəm. Nə qədər dost, ailə təpkiləri olsa da, inadımdan dönməmişəm. Lakin bu yaşımda bir az fərqli düşünürəm. Ətrafımda çoxlu insanlar olsun və sevincimi onlarla bölüşmək istəyirəm. 35 yaşımda elə dəyərli bir hədiyyə almışam ki, onu inşaallah yaxın zamanlarda açıqlayacam. 35 yaş həyatımda bu səbəbdən unudulmayan rəqəm olacaq”.
İradə xanım bu gün doğum gününü qeyd edən xalq artisti Firəngiz Mütəllibova, rəqqasə Fatimə Fətəliyeva və digər sənət dostlarını da təbrik etməyi unutmadı.