
Niderlandın ən böyük bank qrupu "ING Group" proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycan cari əməliyyatlar hesabında ÜDM-in təxminən 2 %-i səviyyəsində profisit saxlayacaq.
ING verdiyi məlumata görə, lakin 2026-cı ildə bu göstərici defisitə keçə bilər və təxminən ÜDM-in 3,3 %-ni təşkil edə bilər.
Bildirilib ki, profiisitin azalması dünya neft qiymətlərinin aşağı düşməsi və idxalatın davamlı artması ilə əlaqədar ticarət balansının tədricən azalması ilə şərtlənir.
"Ticarət profisiti sıfıra yaxınlaşdıqca cari hesab profisiti azalmağa davam edir. Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarındakı axınlara daha çox diqqət yetirir və faiz dərəcəsi haqqında son bəyanatlarında xarici sabitliyin qorunmasının vacibliyini vurğulayır. 2025-ci ildə cari hesab ÜDM-in təxminən 2 %-i həcmində kiçik profisitlə qalacağını gözləyirik. Lakin mövcud tendensiyalar davam edərsə, 2026-cı ildə defisitə keçid riski yüksək olaraq qalır", - ING-nin hesabatında qeyd olunub.
Analitiklərin məlumatına görə, Azərbaycanda idxalatın artımı, xüsusilə maşınqayırma məhsulları və istehlak malları seqmentində sabit qalır, ixrac gəlirləri isə neft bazarının dinamikasına uyğun olaraq azalıb.
ING ekspertləri hesab edirlər ki, investorların diqqət yetirməli olduğu əsas amillər - "Brent" markalı neftin qiyməti bir barel üçün 60 dollardan yuxarı olduqda cari hesabın müsbət balansının saxlanması; Azərbaycan Dövlət Neft Fondundakı dövlət əmanətlərinin həcmi və AMB-nin valyuta ehtiyatlarının səviyyəsidir.
Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci ilin birinci yarısında cari əməliyyatlar hesabının profisiti ÜDM-in 6,3 %-ni təşkil edib.
Eyni dövrdə tədiyyə balansının profisiti 2,3 milyard ABŞ dollarına çatıb ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 11,7 % azdır.
AMB proqnozlaşdırır ki, 2025-2026-cı illərdə cari əməliyyatlar hesabının profisiti hər il 3-4 milyard ABŞ dolları səviyyəsində qalacaq.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,6 %-i səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft və qaz hasilatının gözlənilən həcmləri nəzərə alınmaqla, profisit hər il orta hesabla ÜDM-in təxminən 3 %-nə bərabər olacaq.
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabı profisiti 4 milyard ABŞ dolları (ÜDM-in 5,3 %-i) təşkil edəcək, 2026-cı ildə isə cari əməliyyatlar hesabı profisiti 3,9 milyard dollara (ÜDM-in 4,9 %-nə) qədər azalacaq.
Dünya Bankı 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitini ÜDM-in 11,6 % səviyyəsində proqnozlaşdırır. Növbəti illərdə bank bu göstəricinin azalacağını gözləyir. 2026-cı ildə ÜDM-in 5,4 %-nə, 2027-ci ildə ÜDM-in 3,8 %-nə, 2028-ci ildə ÜDM-in 3,6 %-nə, 2029-cu ildə isə ÜDM-in 3,4 %-nə qədər azalma olacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 7,8 %-i səviyyəsində proqnozlaşdırır. 2026-cı ildə bu göstərici ÜDM-in 4,1 %-nə qədər azalacaq.
.