Azərbaycanda hazırda əsas və vacib məsələlərdən biri ərzaqlıq buğdanın becərilməsi üçün müasir suvarma sistemlərinin istifadəsini təşviq edilməsidir və bununla bağlı güzəştli kredit mexanizmin tətbiqi planlaşdırılır.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Report"un Qarabağ bürosuna açıqlamasında bildirib.

"Bunun üçün, fermerlərimiz bu müasir suvarma sistemlərini tətbiq etməlidir. Müasir suvarma sistemlərinin qurulması üçün, dövlətimiz tərəfindən subsidiya verilir. Dəyərin 40 %-i dövlət tərəfindən verilir. Bununla yanaşı güzəştli kredit mexanizmi, o cümlədən kreditlərin dövlət zəmanəti ilə verilməsi mexanizmin tətbiq edilməsi nəzərdə tutub", - nazir bildirib.

İ.Kərimovun sözlərinə görə, Azərbaycan aqrar sahənin, o cümlədən taxılçılıq sahəsinin inkişafı ilə bağlı ciddi addımlar atır: "Dövlət tərəfindən taxılçılıq sahəsi daim dəstəklənib. Bu dəstək həm texnika təminatı, həm də bu sektora ayrılan subsidiyalardan ibarətdir. İndiyə qədər taxıl əkininə görə, hər hektar üçün fermerlərimizə subsidiyalar ödənilir. Fermerlərə pestisid, herbisit, toxum, aqrotexniki qulluq tədbirlərini qarşılamaq üçün subsidiya verilir".

Amma, nazir qeyd etdiyi kimi, bütün dünyada qlobal ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar mövcuddur:

"Bu risklərin azaldılması, qarşısının alınması üçün dövlət başçısı tərəfindən bu ayın 19-da ərzaqlıq buğdanın təşviq edilməsilə bağlı müvafiq fərman imzalanıb. Prezidentin fərmanına görə ərzaqlıq buğdanın təşviq edilməsi üçün hektar hesabı əkin subsidiyasından əlavə məhsul subsidiyasınında verilməsi nəzər tutulub. Fermerlərimiz əkdikləri ərzaqlıq buğdanı, dəyirmanlara və ya ehtiyat fondlarına verdikləri təqdirdə, məhsul subsidiyası da alacaq".

.