
CIDC-2025 dövlət qurumlarını, kritik infrastrukturları, maliyyə və telekommunikasiya sektorunu, özəl şirkətlər və beynəlxalq tərəfdaşları bir araya gətirən strateji platformadır. Bu platforma Azərbaycanın kibertəhlükəsizlik sahəsində qabaqcıl mövqeyini daha da möhkəmləndirməklə yanaşı, yeni imkanlar və yeni tendensiyalar da formalaşdırır.
Bunu Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.
O bildirib ki, bu layihənin ərsəyə gəlməsində əməyi olan təşkilat komitəsinə, Avropa Birliyinə və Estoniya Elektron İdarəetmə Akademiyası Fonduna, bütün tərəfdaşlara, sponsorlara, könüllülərə, eləcə də tədbirin işıqlandırılmasında dəstəyini əsirgəməyən media nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm.”Son illər dünyada və bölgəmizdə baş verən geosiyasi və texnoloji proseslər informasiya təhlükəsizliyini və kritik infrastrukturların müdafiəsini dövlətlərin milli təhlükəsizlik gündəliyinin ən ön sırasına gətirmişdir. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” bu istiqamətdə əsas yol xəritəmiz olmaqla, dövlətimizin informasiya məkanında davamlılığın, dayanıqlığın və etibarlılığın təmin olunmasına xidmət edir”.
O qeyd edib ki, məhz bu baxımdan CIDC-2025 çərçivəsində təşkil edilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir: “Burada kritik informasiya sistemlərinin kibermüdafiə qabiliyyətinin artırılması, böhran vəziyyətlərində idarəetmə ssenarilərinin simulyasiya olunması və yeni texnoloji yanaşmaların tətbiqi reallaşdırılır.
Hazırda enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər bir çox sahə sürətlə rəqəmsallaşır. Amma bu sistemlərin hər biri kibermühitdə potensial hədəfə çevrilə bilər. Kibertəhlükəsizlik məsələləri bu gün sadəcə texniki məsələ deyil — milli təhlükəsizlik məsələsinə çevrilməkdədir.
Bu baxımdan keçiriləcək “Ağıllı şəhərlərdə kibermüharibə” yarışı xüsusi əhəmiyyət daşıyır.
20 yerli və 5 xarici ölkədən iştirak edən komandalar bu yarışda öz bilik və bacarıqlarını real ssenarilər üzərində sınaqdan keçirəcəklər.
Bu yarış yalnız bir rəqabət platforması deyil — həm də öyrənmək, təcrübə toplamaq və əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir”.