İradə Aytellə görüşüb həmsöhbət olmaq üçün çoxdan razılaşmışdıq. Bu günlərdə bir neçə günlük Bakıda oldu. Zəngləşib, görüş üçün vədləşdik. Amma dediyimiz zaman görüşmək mümkün olmadı. Məni dost itkisi bir günlük də olsa Lerikə apardı, onun isə yaradıcılığı ilə bağlı yeni layihələri, növbəti kitabının nəşri vaxtını "yedi”. Amma bir qədər gec olsa da, sözü və özü "dikbaş” olan bu xanımla Axar.az-ın "Sevgi etirafı” layihəsində həmsöhbət oldum.
- İradə xanım, görüşəcəkdik, amma vədələşdiyimiz gün hər ikimizin başı qarışıq oldu. Deyin, necəsiniz?
- Əhvalım payıza köklənib: gah buludlanıram, gah üşüyürəm, gah da Günəşin gülümsər gözlərindən hərarət alıram. Bütün insanlar kimi mən də payızlaşmışam.
- "Sevgi etirafı” layihəmizin qonağısınız. Amma güclə tapmışam sizi, ona görə də çox şeydən danışacağıq.
- Danışaq...
- Döyüşçülərin ox qabında adətən 40 ox olur. Sevən ürəyin neçə oxu ola bilər? Deyək ki, biri, ikisi daşa dəydi o oxların. Ehtiyatda olanı varmı, yəni dəfələrlə sevmək olarmı?
Şeirlərində, hekayələrində olduğu kimi, səsi də sevgi donuna bürünmüşdü:
- Burada sevgi şairimiz Nüsrət Kəsəmənlinin misraları yada düşür: "Sən demə yenidən sevmək olarmış”. Əlbəttə, nə qədər ki, insan yaşayır, ürək döyünür, hiss edir, sevgilər də olacaq. Yeniyetmə yaşlarımızda bir başqa sevirik – ülvi hisslərlə, böyüdükcə dünyaya və sevgiyə baxışımız da böyüyür, kamilləşir. O zaman ki, oturuşmuş yaşda sevməyə başlayırsan, o sevgi bütün sevgilərin məcmusu olaraq doğulur və özülündən güc alıb daha mətin, daha sağlam olur. Bu barədə dostlarla söhbətimiz olub bir neçə dəfə, mən ilk dəfə 6-7 yaşlarımda sevmişəm.
- İradə xanım, bəlkə, bu sevgi deyilmiş, o yaşlarda sevmək olurmu?
- Bəli, Faiq müəllim, olur. O yaşın da özünə uyğun sevgisi olur. Qarşı tərəfə bağlanırsan, onsuz darıxırsan, onu görəndə xoşbəxt olursan, şıltaqlıq edirsən. Və ilk ülvi sevgimi təxminən 13-14 yaşlarımda yaşamışam. Qəribədir ki, özümdən 20 yaş böyük olan qonşuma. Hətta ilk sevgimin təsirindən ilk hekayəm də yazılıb.
- Oxumuşam o hekayəni. Bütün oxucular kimi mənim də diqqətimi çəkib. Çox səmimi hisslərlə yazılmış hekayədir. Maraqlıdır, oradakı qəhrəmanınızla rastlaşırsınızmı?
- O zaman biz atamın işi ilə əlaqədar Göygöl rayonunda yaşayırdıq. O adam qonşumuz idi. Sonra biz oradan köçdük və... bir də heç vaxt onu görmədim. Etiraf edim ki, onu görmək istəyi ilə,
"Yenə tanış dalan, o tanış küçə
Yenə xatirələr oyandı, dindi
Bu tanış dalanı burulsam yenə
Səni görəcəyəm bəlkə də indi...” - pıçıltıları ilə o tanış dalana getmişəm. Heç vaxt qarşılaşmamışıq. Əvvəllər kimsədən onu soruşmağa cürət etməzdim, bu yaxınlarda eşitdim ki, Rusiyada yaşayır və səhhətində ciddi problemlər var...
- Söylədiyiniz misralar özünüzündürmü?
- Mənim deyil, orta məktəb illərində oxuduğum hansısa romanda var idi, yaddaşıma çöküb...
- Müdrik bir kəlamınız da var: "Sevgini kim görübsə, Tanrını görüb, demək...”
- Sevgi mənim üçün Tanrıdır. Yəni hiss edirik, duyuruq, ağuşunda isinirik, ona səcdə edirik, onunla sevinirik, kədərlənirik, lakin onu heç vaxt görmürük. Bax, bu, SEVGİDİR! Bax, bu, TANRIDIR! Bunları bir-birindən ayırmaq olmaz. Sevgi bəşəriyyətdən əvvəl yaranıb. Tanrım - Sevgi öz xaliqini Adəmi, Adəm isə Həvvanı yaradıb, öz canından. Adəmlə Həvva Sevginin - Tanrının balalarıdır, bəşəriyyət sevginin balalarıdır. Və mən Tanrını görmüşəm. O, məni xoşbəxt edib, O, məni yaşadıb. Onun əzabı da məni yaşadıb, yaşadır...
- Sizin sevginiz nağıllı, noğullu, ağıllı olubmu? Axı sevənlər dəlicəsinə sevir.
- Mən nağıl kimi sevdim, nağıl kimi o sevgi ömrünü yaşadım. Elə şirin idi ki, uşaqlıqda yediyim noğuldan da şirin. Ağıllı sevdimmi, bax, bunu deyə bilməyəcəyəm. Onda ağlım başımda deyildi.
- Gəl, sənə bir nağıl söyləyim,
O nağıl ömrümün noğulu idi.
O nağılda biri vardı - o Səndin,
O nağılda biri yoxdu - o məndim.
Bu, sizin şeirinizdir.
- Bu, yeganə şeirimdir ki, ünvanına öz səsimdə çatıb. Onda mənim böyük səhvim üzündən biz ayrılmışdıq. Lap nağıllardakı kimi, yamyaşıl bir çəmənlikdə, Ulu Pir ağaclarının ətəyində bu şeiri ona pıçıldamışam. Qəribədir ki, heç vaxt öz şeirlərimi əzbər bilmədiyim halda, o gün bu şeir sətir-sətir dodaqlarımdan axdı. Göz yaşlarımla söyləyirdim bu şeiri və inanmayacaqsınız, birdən-birə göylər də göz yaşı tökdü. Elə bir leysan yağdı ki... Siz mənə nələri xatırlatdınız, Faiq müəllim... Son şeirim də elə o yağmurlu günün təsirindən yazıldı.
- O şeiri səsləndirərsinizmi?
- Əlbəttə...
İçimdə bir ad
Adımı çəkmə deyir!
O adı sıxmaqdan
Dişlərim ağrıyır,
Dilim göynəyir,
İlahi, niyə dar edirsən
Geydirdiyin bu köynəyi?!
Bir müqəddəs çəməndə,
Yaralı, uralı bir ağac kötüyünə
Söykənib
O adı hayqıracam!
Göylərin naləsi -
Göylərin göz yaşlarının səsi
Səsimə qarışacaq,
Sən bizə açacaqsan bir çəmən qucaq…
Ona şeir söyləyəcəm
"Gəl, sənə bir nağıl söyləyim,
O nağıl ömrümün noğulu idi…”
İlahi, necə susduracaqsan
İçimdəki bu göynəyi?!
İçimdə bir od
Odumu çəkmə deyir!
Torpaq altında havasız qaralan
Budağam,
Ağacam,
Kötüyəm,
Dağ-dağam!
Və…
Çəmənində Pir olacaq
Kömür-kömür vücudum.
O Pirə tapınacaq
günahı olanlar,
gunahdan qaçanlar.
O Pirdə yaşayacaq
Onun dilində
Qədəhlənən adım.
Arzu bağlayacaqlar
Arzusu bağlı qalanlar
O Pir olan, bir olan ağac vücuduma.
İlahi, necə öldürəcəksən,
Bu taleyi döyənəyi?!
- Niyə ayrıldınız? Şeirlərinizdən görünür ki, ilahi bir sevgi yaşamısınız. Yoxsa özünüz dediyiniz kimi, ilahi bir sevginin ilahi qorxusundan çəkindiniz?
Başını ehmalca yana əyir. Saçları fikirləri kimi dağınıqdır, əli ilə saçlarını toplayır, eyni zamanda da fikirlərini bir yerə cəmləyir. Bu dəfə heç kəsin eşidə bilməyəcəyi qədər pıçıltılı səslə dillənir:
- O qorxu elə bir çəkici qorxu idi ki, intihara can atan insanın ölümə sevgisi qədər, ölümlə üzləşəcəyini idrak edə-edə ana olmaq istəyən qadının bala arzusu qədər, Vətən üçün odun-alovun içərisinə oğul yola salan atanın qüruru qədər... Ayrılmağımıza səbəb qorxu deyildi. Sizə bir həqiqəti də etiraf edim, o adamla ailə qurmadığıma peşman deyiləm. Ona olan sevgim elə böyükdür ki, o sevginin ailə həyatına qədər çatıb məişət mübahisələrinə, övlad olarsa, övlad sevgisinə, olmazsa, övladsızlıq acısına parçalanmasını istəmirdim. O sevgi içimdə əbədi yaşasın deyə, beləcə əlçatmaz qalmalı idi. Ailə tamam başqa sehrdir. Ailə böyük sevgidən yaranmalı deyil, ailə sevgidən yaranıb böyük hisslərlə, böyük sevgiyə yol almalıdır. İnsan sevəndə gözləri elə yumulur ki, qarşı tərəfin heç bir qüsurunu görmür, oysa, ailə cilalanmış, ağıllı bir bağla bağlanmalıdır ki, uzunömürlü olsun. Dəli, kor, sabahını düşünməyən sevgidən necə ailə ola bilər axı. Bunun səhəri var, qayğıları var, övlad dünyaya gətirmək, tərbiyələndirmək və ilaxır. Ailədə qarşılıqlı anlaşma, hörmət, hər hansı səhvə göz yummağı bacarmaq, qüsura kor olmaq yox, o qüsuru anlayışlı şəkildə aradan qaldırmaq lazımdır. İlahi sevgi isə bunlardan xali, azad və əbədi bir hissdir ki, o, cismən Tanrı qədər uzaq, ruhən Tanrı qədər yaxın olmalıdır. Nə gözəl ki, içimdə bu böyüklükdə sevgi yanğısı var. Nə gözəl ki, o yanğıya ailə qurmaqla su çiləmədim...
- Onda şeirlərinizlə oxucuya "nağıl” danışmırsınız ki? Sevgi kitabınızın səhifələrində sən olan səhifə boş olurdumu?
- Mən heç vaxt oxucuya nağıl danışmamışam. Həmişə yaşadıqlarımı pıçıldamışam oxucuya. Axı mənim içimdəkiləri pıçıldamağa kimsəm – rəfiqəm belə yoxdur. Mən çəkdiklərimi yazdıqlarıma pıçıldayıram və yazdıqlarım oxuculara qədər yol alır. Bəzən bəlkə də heç oxunmuram da. Və heç vaxt "heç vaxt” deyənlərdən olmamışam. Bəlkə də sevgi kitabımın səhifəsi yenilənəcək, bəlkə də artıq dolub o səhifə. Bu barədə heç nə deyə bilmərəm.
- İradə xanım, yazanda oxucunu düşünürsünüzmü?
- Qətiyyən! Oxucum məni bağışlasın. Mən heç vaxt oxucunu düşünərək yazmadım. Özümü düşünüb yazıram, özüm üçün yazıram. İçimdəki fırtınanı yazmaqla söndürürəm. Fikir vermisinizsə, yazdıqlarım heç bir sərhəd tanımır. Bəzən kobuddur, bəzən hirslidir, bəzən qayğıkeşdir, mehribandır, çılğındır... Əgər oxucunu düşünsəydim, qol-qanadı sınıq olardı yazdıqlarımın. Yazılandan sonra isə... etiraf edim ki, sıxılıram, utanıram. "Gərək bunu deməzdim, bunu yazmazdım, ayıbdır”, - düşünürəm. Dərdimi kimsəyə söyləməyi sevmirəm, şeirlərim məni satır. Bax, onda oxucunu düşünürəm... onda da gec olur.
- Niyə sizdə - xanım yazarlarımızda kişilərə bu qədər aqressiya var? Sevginiz cavabsız qalıb, yaxud başqa bir səbəb axtaraq? Məsələn, deyirsiniz ki, kişiləri bağışlamağa dəyməz.
Gülümsəyir, sual yerinə düşüb deyəsən, kişilərə acığını açıb tökəcək, yəqin:
- Off, məni danışdırırsınız. Yenə elə sözlər deyəcəyəm ki, sonra peşman olacağam. Amma deyəcəyəm! Bir xanım yaxınım var, mənə sual verdi ki, kişi sənin üçün nə deməkdir? Cavab verdim ki, heç nə. Heç bir anlamı olmayan varlıq. Faiq müəllim, lütfən, inciməyin. İçimdəkiləri həmişə olduğu kimi demişəm. Amma sevdiyim kişi mənim atamdır, balamdır, ümidimdir, dayağımdır, Tanrımdır! Bax, mən beləyəm. Kişilər - əlbəttə, hamıya aid deyil – indi sanki cılızlaşıb. İndi deyəndə mən əski kişiləri bilmirəm necə olub. Amma kişi məfhumu var də, indi o məfhuma uyğun gələn kişi bilmirəm varmı. Kişi kasıb olar, eybəcər olar, amma kişi iradədən varlı olmalı, qadınını sevməklə yanaşı qorumağı da bacarmalıdır. Qadın kişidən ilk növbədə güvən istəyir. Güvən olmasa, sevmərik o kişini. Doğru deyirəm, kişilər bağışlanmağa dəyməz. Bir kərə bağışladınsa, həmin səhvi yenidən təkrarlayacaq.
- Siz bir vaxtlar Feysbukda çox oldunuz, sonra fasilələr yarandı. Deyəsən, yalqız deyilsiniz. Axı demişdiniz ki, Feysbukda olmaq yalqız olmağın əlamətidir.
- Yalnız idim, çox yalnız. Hamıdan, hər şeydən, ədəbiyyatdan, sosial şəbəkədən uzaq düşmüşdüm. Əvvəllər özümü dünyanın ən güclü qadını hiss edərdim. Qınayırdım zəif iradəli qadınları... son illər gördüm ki, mən də bütün qadınlar kimi zəifəmmiş. Yalqız deyiləm, amma yalnızam.
- Özünüzü zəif hiss edirsiniz, amma bildiyimə görə, siz çox kişinin həsəd apardığı iş sahibisiniz. Ayaqda durmağı bacarırsınız.
- Doğrudur, işim-gücüm var. Tanrıya şükür ki, ayaqda durmağı bacarıram. Qadına ən əvvəl sosial təminat vacibdir, məncə. Bax, burada da kişiləri bağışlamaq olmaz fikrinə gəlirəm. Qadın kişidən asılı olduqca daha da zəifləyir. Qız balaların təhsili, iş-güc sahibi olması ən vacib şərtdir. Kişilərə bel bağlamaq olmaz. Elə yerdə qadını tək qoyur ki...
- İradə xanım, yalan danışmısınızmı?
- Əlbəttə, danışmışam. Yalanı sevməsəm belə, danışmışam.
- Bura qədər "mus-mus” dedim, keçək Mustafaya. Haqqınızda, sevgi dünyanız barədə söz-söhbət gəzdi. Dedilər ki, bir yazıçı ilə duyğularınız, hissləriniz bir olub, amma heç əl-ələ də tutmamısınız...
- "Mus-mus”ları ümumiyyətlə sevmirəm. Bəli, belə bir söz gəzir. Açıq deyirəm, o yazıçı Kənan Hacıdır. Kənan Hacını illərdir tanıyıram. Kənan Hacını sevirəm! Amma bir insan kimi, dost kimi, məni anlayan həmkar kimi. Bizim aramızda şeirləşmələr, görüşmələr var. Lakin bütün bunlar iki yaxın dostun bir-birinə olan bağlılığıdır. Mənim şeirlər yazdığım, sevdiyim o insan Kənan Hacı deyil. Ümumiyyətlə, sevdiyim şəxs ədəbiyyat adamı deyil. Kənan Hacı da İradə Ayteli sevib, sevir. Biz o qədər ruhən yaxın, amma xasiyyətcə fərqli adamlarıq ki, inanın, heç vaxt ailə ola bilməzdik. Mən bütün qadınlar kimi deyiləm. Qadın ərə balası kimi qayğı göstərməli, atası kimi güvənməli, anası kimi bağlanmalıdır. İradə elə deyil. Mənim qayğım da, qulluğum da, güvənim də özüm kimi havalıdır. Gah olacaq, gah olmayacaq. Ən əsası İradənin ömür yoldaşı ən azından İradədən güclü xarakterə malik biri olmalı idi. Bu qədər, Faiq müəllim, lütfən, daha danışmayaq... Sizə çox minnətdaram, mənə dəyər verib, dərdləşdiyiniz üçün...