Cari ilin dörd ayı ərzində Ermənistanın "Zvartnos" və "Şırak" hava limanlarında sərnişin axını 405 105 nəfər təşkil edib.

Bu barədə “News.am”a "Zvartnos" beynəlxalq aeroportunun mətbuat katibi Satenik Ovannisyan bildirib.

O, qeyd edib ki, yanvarda sərnişin axını 64 296 nəfər təşkil edib. İlin birinci yarısında Ermənistana 31 052 nəfər gəlib, ölkəni 33 244 tərk edib.

Fevralda bu göstərici 90 198 nəfər təşkil edib. Belə ki, ölkəyə 31 901 nəfər gəlib, 58 297 vətəndaş Ermənistandan gedib.

Lakin cari ilin martında bu göstərici kəskin fərqlə artaraq 116 481 nəfər olub. İlin üçüncü ayında Ermənistana 42 283 nəfər gəlib, 74 198 nəfər ölkəni tərk edib. Apreldə hava limanında sərnişin axını 134 130 nəfər təşkil edib. Dördüncü ayda Ermənistana 58 978 nəfər gəlib, 75 152 vətəndaş ölkədən gedib.

Mətbuat katibi qeyd edib ki, 2021-ci ilin dörd ayı ərzində Ermənistana gələnlərin sayı 164 214 nəfər təşkil edir.

Lakin 4 ay ərzində Ermənistandan gedən vətəndaşların sayı 240 891 nəfər olub.

Beləliklə, məlum olub ki, son 4 ayda Ermənistanı hava yolu ilə tərk edənlərin sayı ölkəyə gələnlərin sayından 76 677 nəfər çox olub. Qeyd edək ki, bu hələ ölkəni hava yolu ilə tərk edənlərin sayıdır.

.