Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonuna səfərə gəlib.
APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlət başçısına məlumat verib ki, Heydər Əliyevin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Səfər çərçivəsində İ. Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı görülmüş işləri əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
İlham Əliyev Tovuzda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.açılışı olub.
Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verilib ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla beş qrup fəaliyyət göstərəcək. Körpələr evində 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.
