Azərbaycan prezidenti İlham Əliyev Zaqatalada "Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.

 Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və "Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlət başçısına zavod barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.
Diqqətə çatdırılıb ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.
Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

Azərbaycan prezidenti İlham Əliyev Zaqatalada "AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə də tanış olub.
Dövlət başçısına müəssisə barədə məlumat verilib.
İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr "Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar "AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb.
Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxıb. Sonda xatirə şəkli çəkdirilib.

.