Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfər edib.
APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.
Prezident rəmzi açılışı bildirən lenti kəsib, bina ilə tanış olub.
Məlumat verilib ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb.
Ümumi sahəsi 510 kvadratmetr olan ikimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb.
Dövlət başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik edib.
Dekabrın 3-də İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışında da iştirak ediblər.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üzün monitor da quraşdırılıb. Hazırda məktəbdə 15 nəfər çalışır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunacaq. Bu cür şahmat məktəblərində şagirdlər zəngin təcrübə toplayaraq ölkəmizi müxtəlif səviyyəli yarışlarda layiqincə təmsil edirlər.
.
