“Azərbaycan xalqı çox xeyirxah xalqdır, məhz ona görə Azərbaycanda digər xalqların nümayəndələri sülh, barış və ləyaqət içərisində yaşayır. Ona görə də mən əminəm ki, ermənilər və azərbaycanlılar o bölgələrdə də bir yerdə yaşaya bilərlər. Necə ki, Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda yaşayırlar”.

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, Gürcüstanda 300 mindən çox azərbaycanlı, 200 mindən çox erməni əhalisi var: “Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar və onların arasında hər hansı problem çıxmır. Onlar normal qonşu kimi yaşayırlar. Rusiyada, Ukraynada, digər ölkələrdə... Nə üçün burada bunu edə bilmərik? Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazır etməliyik. Bax mənim bu gün sizə dediyim sözlər Azərbaycan xalqı tərəfindən qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də mənim müraciətimdir. Onlar da bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Azərbaycan xalqının buna haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Buna heç vaxt razı ola bilmərik”.

Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, hər bir müharibə sülhlə nəticələnir: “Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə yardımçı olarsa, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq, amma biz çalışmalıyıq ki, buna nail olaq”.

Prezident: “Dağlıq Qarabağda yaşayan ermənilərin canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar”

“Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir”.

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq: “Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Minsk Qrupuna həmsədrlik edən ölkələr bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa Birliyi ilə bizim tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanıb və orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Mən inanmıram ki, hər hansı ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan 1 saat keçməmiş bu ölkələrlə biz bütün diplomatik  əlaqələrimizi kəsərik. Bu dəqiqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə, olaraq daxili auditoriyaya hesablanıb ki, sanki bunlar da hər hansı diplomatik fəaliyyətdədirlər”.

Prezident İlham Əliyev qeyd edib ki, barışdan sonrakı dönəmlə bağlı bizim mövqeyimizdə hər hansı dəyişiklik yoxdur: “Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ Minsk Qrupu çərçivəsində artıq 5 rayon, ondan sonra 2 rayon olaraq təsbit edilib. Ondan sonra Dağlıq Qarabağın içindən - Şuşadan, Xankəndidən və orada bir çox kəndlərdə ki, azərbaycanlılar yaşayıb ora Azərbaycan vətəndaşları qayıdır. Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində artıq biz sülhə daha da yaxınlaşacağıq. Ona görə biz orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və onların rifahı artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz oraya investisiya da qoyarıq, biz orada sosial proqramları da icra edərik. İş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi, dini abidələrini yerlə bir etmək və ondan sonra buranın qədim Ermənistan torpağı olduğunu elan etməkdir. Halbuki ermənilər ora çar Rusiyası tərəfindən XIX əsrin əvvəllərində köçürülüb. Bu, tarixdir, bu tarixi biz bilirik. Ona görə bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir”.

Azərbaycan Prezidenti: “Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək istəyir”

“Ermənistanın xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər”.

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Ermənistan ərazisindən Gəncənin raket atəşinə məruz qalmasına münasibəti bildirərkən söyləyib.

Dövlət başçısı deyib ki, Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək istəyir: “Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət, mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç vaxt mülki şəxslərə qarşı addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Ermənistan Ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 ədəd S-300 məhv edildi, 33 tank hərbi qənimət kimi götürüldü. Bir çox başqa texnika da məhv edilib, qənimət kimi götürülüb. Ona görə bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra, sındıra bilməz. Biz daha böyük əzm və iradə ilə düşmənə qarşı vuruşacağıq, daha əzm və iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını bütün işğal edilmiş torpaqlarda qaldıracağıq. Beynəlxalq təşkilatların və beynəlxalq aləmin buna reaksiyasına gəlincə, Türkiyə bir daha bu məsələ ilə bağlı bizi açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, yüksək səviyyəli dövlət rəsmilərinin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və bu ölkənin Baş naziri böyük həmrəylik göstərərək çox müsbət açıqlama verib. Digər ölkələr də açıqlamalar verib. Ancaq deyə bilmərəm ki, bu, dünya miqyasında geniş vüsət alıb. Halbuki bu, hər kəs üçün gün kimi aydındır. Atəşkəs rejimi haqqında açıqlama verilir, ondan bir gün keçməmiş belə namərd hücum təşkil edilir. Bu, bir daha göstərir ki, atəşkəsi kim istəmir. Mən demişdim ki, bizim hədəflərimiz, məqsədimiz bütün işğal edilmiş torpaqlara Azərbaycan vətəndaşlarını qaytarmaqdır. Bildirmişdim ki, atəşkəs imkan verəcək ki, bu, artıq hərbi müstəvidən siyasi, diplomatik müstəviyə keçsin, diplomatik müstəvidə, masa arxasında danışıqlar bu məsələ çözülsün və Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları ora qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa idi. Ermənistan hesab edirdi ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda, zaman qazana, yeni qüvvələr səfərbər edə bilərlər. Beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Mən demişdim ki, Ermənistan müsbət davranış göstərməsə, peşman olacaq və haqlı idim”.

.