“Bizdə bu barədə kəşfiyyat məlumatı var. Bu barədə mən daha ətraflı açıqlama vermək istəmirəm. Daha çox dağlıq bölgəsindədir. Çünki işğal edilmiş torpaqların bir hissəsi dağlıq ərazidir, bir hissəsi isə düzənlikdir”.

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində “Cənab Prezident, PKK-nın Qarabağda düşərgələrindən bəhs etdiniz. Düşərgələrin hansı bölgələrdə olduğu bəllidirmi” sualına cavabında deyib.

Dövlət başçısının sözlərinə görə, onlar daha çox meşələrdə və dağlıq ərazilərində yerləşiblər: “Bu məsələ ilə bağlı biz dəfələrlə beynəlxalq təşkilatlarda öz sözümüzü demişik. Hətta mən əvvəlki vəzifəmdə olarkən, - deputat kimi Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri idim, - orada da məsələ qaldırmışdım. Avropa deputatlarının diqqətini cəlb etmişdim bu işlərə ki, onlar Ermənistana sanksiya tətbiq etsinlər. Yəni, Ermənistan terrorçu ölkədir, terroru təşviq edən ölkədir. Ona görə belə kəşfiyyat məlumatları var. Eyni zamanda, Rusiyanın xarici kəşfiyyat idarəsinin açıqlamasında da bu, deyilmişdi. Amma nədənsə o açıqlama heç bir mətbuatda yer almadı. Həmin açıqlamada deyildi ki, Azərbaycanda əcnəbi adamlar vuruşur. Eyni açıqlamada Ermənistanın adı çəkilməsə də, PKK-nın da döyüşdüyü bildirilib. Aydındır ki, PKK Azərbaycanda ola bilməz. Amma niyə Qərb mətbuatında bu barədə bir kəlmə də yoxdur? Ört-basdır etmək istəyirlər, diqqətdən kənarda saxlamaq istəyirlər. Amma bütün bu torpaqlarda Azərbaycan bayrağı dalğalanandan sonra orada bir dənə də terrorçu sağ-salamat qala bilməz”.

Azərbaycan Prezidenti: “Biz bu atəşkəsə razı olmaya da bilərdik”

“Evləri dağılmış insanların problemlərini biz həll edərik. Onlar heç narahat olmasınlar. Özü də qısa müddət ərzində. Yadımdadır, 2016-cı ilin aprel ayında Ermənistan bizə hücum edəndə bizdə təqribən 1000-dən çox ev dağılmışdı və mən o evlərin sahibləri ilə görüşlər əsnasında demişdim ki, narahat olmayın, biz bütün bu evləri bərpa edəcəyik. Ondan təqribən 8 ay sonra yenə onların yanına, Ağdam və digər cəbhəyanı bölgələrə getdim, evlərinin açarlarını onlara təqdim etdim”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, iİlyarım əvvəl Şamaxı şəhərində zəlzələ olub, minlərlə ev dağılıb: “Getdim oraya dedim ki, narahat olmayın, bütün evlər bərpa ediləcək. Onu da etdik. Bir neçə ev qalıb, onları da bərpa edəcəyik. Bizdə təqribən 10 il bundan əvvəl daşqın oldu, böyük bir ərazi su altında qaldı. Təxminən 5 mindən çox ev uçub dağılmışdı. Hamısı dövlət tərəfindən bərpa edildi. Mənim yanaşmam belədir ki, əgər sənin 100 kvadratmetrlik evin var idisə, sən 120-150 kvadratmetrlik ev alacaqsan. Əgər sənin evin daxma idisə, sən gözəl təmirli yeni ev alacaqsan. Ona görə mülkiyyətini, evlərini itirmiş insanlara yardım ediləcək. Ondan başqa, bizim kəndlərdə bir çoxları ev heyvanlarını da itirdilər. Bu, onlar üçün qazanc mənbəyidir. Mən artıq tapşırıq verdim, hesablamalar aparılır, kim nə qədər ev heyvanı itirib o da veriləcək. Biz bu məsələni mütləq həll edəcəyik və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, mənim şəxsi nəzarətimdədir. Bunu hər kəs bilir və mənim tapşırıqlarımı yerinə yetirəcəklər”.

Azərbaycan Prezidenti deyib ki, bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir: “Deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və biz hamımız bu amalla yaşayırıq, hamımız. Biz bu nisgili, bu həsrəti 30 ildir, yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.

Ona görə bu məsələ ilə bağlı indiki mərhələdə yalnız irəli getməliyik. Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Deyərdik ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Bir də son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm.

Biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni, bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər”.

Dövlət başçısı əlavə edib ki, o ki qaldı artıq müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək.

“Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Çünki bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir.

Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.

Azərbaycan Prezidenti: “Müharibə davam edərsə, biz Ermənistanın bütün ordusunu məhv edəcəyik”

“Deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq?”

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

“İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri - OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev: “Paşinyan küçədən gələn bir adamdır”

“Xeyr, bununla bağlı bizə heç bir telefon zəngi olmamışdır, heç bir mesaj göndərilməmişdir. Ancaq bu, gözlənilən idi. Bilirsiniz, hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində “Paşinyan özünü itirib, təkcə özünü deyil, eyni zamanda, Ermənistan xalqını da təhlükəyə atıb. Ermənistanda yaşayan 3 milyon insan təhlükə altındadır. Avropadakı ermənilərdən, ya da oradakı iş adamlarından vasitəçi olan, deyən ki, erməni xalqının günahı yoxdur, bu, dəlidir, bununla bağlı bir telefon zəngi, danışmaq istəyən olubmu?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, indi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur: “O, heç kiçik bir kolxoza da başçılıq etməmişdir. Heç kiçik bir firmaya, dükana da başçılıq etməmişdir. Onun tabeliyində bəlkə heç beş nəfər də olmayıb. Sən ölkəni necə idarə edə bilərsən? Ölkəni idarə etmək çətin məsələdir, xüsusilə bizim bölgəmizdə. Oturuşmuş Avropa ölkələrində bu, o qədər də çətin məsələ deyil. Çünki ölkələr var ki, heç bilmirlər onun başçısı kimdir. Heç insanları maraqlandırmır, onlar öz həyatını yaşayır, sistem oturuşub, hər şey artıq sistem altındadır. Amma bizim bölgəmizdə ölkəni idarə edən insandan çox şey asılıdır - insanların həyatı, təhlükəsizliyi, rifahı, beynəlxalq imici. Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qəzetin müxbiri idi. Küçədən gəldi rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezidentin hər birinə cinayət işi açıldı. Biri iki ilə yaxın həbsdə oturdu, sonra onu buraxdı, amma cinayət işi qalır. O birisinə də ölkə xaricinə çıxma qadağası qoyulub. Bu toqquşmalardan iki gün öncə əsas müxalifət partiyasının sədrini həbsə atdı. Ondan sonra Konstitusiya Məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya Məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla öz adamlarını oraya yerləşdirdi. Jurnalistləri, media nümayəndələrini həbslərdə çürüdür. Biri aclıq elan etdi və orada öldü. Beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə problem yaşandı. Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər. ODKB-nin Nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa, digər ölkələr bunun gərək canını qurtarsın. Amma ODKB-nin baş katibi erməni idi, keçmiş rejimin adamı idi. Onu həbsə atdı. Yəni, o təşkilatı da təhqir etdi. Nə qədər belə şeylər etdi. Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır. Postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Soros artıq ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə yapışıb. Çox eybəcər bir fotoşəkildir. Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir”.

Prezident İlham Əliyev bildirib ki, 2005-ci ildə onlar Azərbaycanda bunu etmək istədilər - narıncı inqilab.

“Amma mən durdum onların qabağında, əzdim onları, qovdum buradan, sonra Soros fondlarını da bağlatdım. Digər qeyri-hökumət təşkilatlarını da buradan rədd etdim. Dedim ki, biz özümüz bilərik. Gedin, başqa yerdə inqilab edin. Amma onlar Ermənistanda oturuşdu, qeyri-hökumət təşkilatları vasitəsilə oraya pullar gətirildi, insanlar yetişdirildi. Bu gün Paşinyan komandasının 90 faizi Soros, “Transparency International”, “Amnesty International”, “Human Rights Watch” və bu kimi çirkin təşkilatların nümayəndələridir. Ona görə mən bu yaxınlarda rus kanallarının birinə müsahibə verəndə dedim ki, bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox qalsa, bizim üçün o qədər də yaxşıdır. Yəni, başa düşürsünüz nəyə görə”, - Azərbaycan Prezidenti əlavə edib.

Azərbaycan Prezidenti bildirib ki, Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayanıb, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıyıb: “Baxın, Ermənistanın dövlət büdcəsində vəsaitlər var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”.

Azərbaycan Prezidenti: “Öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb, bunlar muzdlulardır”

“Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi, bu, tamamilə yalandır. Türkiyə F-16-ları ilə əlaqədar məsələyə mən artıq münasibət bildirdim. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib”.

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Azərbaycan Prezidenti bəyan edib ki, Türkiyədən heç bir insan bu savaşda iştirak etmir: “O ki qaldı əcnəbi insanlara, o da yalandır. O, bizə atılan iftiradır, böhtandır. Bizə bir dənə də sübut gətirilmədi. Sadəcə olaraq, Fransadan və Rusiyadan belə açıqlamalar verildi, vəssalam. Sübut, dəlil yoxdur. Heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir. Mən sizə indi deyə bilərəm ki, kəşfiyyat orqanlarımız bizə böhtan atan ölkələrlə əlaqədə olublar, deyiblər ki, bizə dəlil, sübut verin. Vermirlər. Sözdür. İndi mətbuatda kim yazırsa yazsın, o bizi maraqlandırmır. Onsuz da Qərb mediası hər zaman Ermənistanın tərəfini tutub və bizə bundan əvvəlki dövrdə də hər zaman çox mənfi münasibət bəsləyib. Ona görə bu iftiralara biz öyrəşmişik. Ancaq rəsmi şəxslərin açıqlamaları qəbuledilməzdir. Ya bunu sübut et, ya da ki, öz sözlərini geri götür. Belə bir şey yoxdur. Buna ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü orduya malikdir ki, bu məsələləri özü həll etsin.

Bir də ki, əcnəbi vətəndaşların iştirakına gəldikdə, baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçu var. PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Biz bu bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir. Orada öldürülən terrorçuların üzərindən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar erməni əsillidir, ya da ki, erməni əsilli deyil, bu, başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlib bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır”.

Prezident: “TANAP Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir”

“Onlar bir qədər narahatdır. Amma biz təbii ki, bunu nəzərə alırıq. Çünki Ermənistandan hər şey gözləmək olar. Elə Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində “Ermənistan TANAP, ya da Türkiyəyə gedən boru xətlərini hədəfə alan hücumlar etdi. Bunun təhlükəsizliyini necə təmin edəcəksiniz? Avropada enerjiyə ehtiyac var, avropalı dostlar buna necə baxırlar?” sualına cavab olaraq deyib.

Dövlət başçısı bildirib ki, ancaq bunun acı nəticəsini yaşadılar: “2006-cı ildə Bakı-Tbilisi-Ceyhan istismara veriləndən bu günə qədər boru xətlərinin təhlükəsizliyi ilə bağlı Azərbaycan ərazisində bir dənə də problem olmamışdır, bir dənə də, nə texniki problem, nə də ki, hansısa bir təxribat. Çünki Azərbaycan ərazisində bizim kifayət qədər inkişaf etmiş müdafiə sistemimiz var. Monitorinq aparılır, fiziki müdafiə və elektron vasitələrlə. Boru xəttinin yerin altında, dərində yerləşməsi təbii ki, bunu havadan da müəyyən dərəcədə mühafizə edir. Ancaq əgər Ermənistan bu çirkin planları, yəni, boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlar üçün cavab çox ağır olacaq. Biz bu barədə artıq xəbərdarlıq etmişik. Hesab edirəm ki, gələn il TANAP-dan qaz alacaq Avropa ölkələri də onları xəbərdar etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin”.

Prezident: “Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimilərə ən gözəl cavabımızdır”

“Paşinyanın sərxoş vəziyyətdə rəqsi və digər təhqirləri, həqarəti Azərbaycan xalqını haqlı olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin heyfini bu gün döyüş meydanında alırıq, əvəzini çıxırıq”.

Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan əsgəri döyüş meydanında göstərir ki, kim haqlı, kim haqsızdır: “Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk. Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır. Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimilərə bizim ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir. Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli olsun, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniliyi onu müdafiə edəcək, o zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaq, bu gün də bunu istəyir. O, Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə telefonla dəfələrlə zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Bizdə məlumat var ki, bu son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər”. 

.