Prezident İlham Əliyev Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının dayandırılmasının şərtlərini açıqlayıb.

Azərbaycan xalqına müraciətində İ.Əliyev bildirib ki, yeganə şərt Azərbaycan torpaqlarının azad olunmasıdır. 

“Ermənistanin Baş naziri (Nikol Paşinyan - red.) məndən xahiş etmişdi ki, vaxt verin, məni sıxırlar, məsələni həll edəcəm, yeni fikirlərlə gəlmişəm. Dedim, yaxşı. Amma bir ildən sonra deyir ki, Qarabağ Ermənistanındır. İndi desin, Qarabağ Ermənistandır!”, - deyə İ.Əliyev bildirib. 

“Mənə zənglər olur və soruşurlar ki, bəs sizin şərtiniz nədir? Bizim şərtimiz birdir – çıxsın bizim torpaqlardan. Desin - mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, mən işğal edilmiş torpaqlardan qoşunlarımı çıxaracam, desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm.

Və desin ki Qaqabağ Ermənistan deyil. Və sonuncu şərt üzrə erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin. Onda biz atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indiki şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir”, - Ali Baş Komandan bildirib.

İlham Əliyev: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq”

“Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.

“Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.

Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”, - dövlət başçısı qeyd edib.

“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq.

Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

İlham Əliyev: “Paşinyan hər gün dünya liderlərinə zəng edir, amma mən heç kimə zəng etməmişəm”

“Sentyabr hadisələrindən qabaq demişdim Ermənistana “gəl təkbətək vuruşaq, baxaq kim kimdir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciəti zamanı deyib. O bildirib:

“İndi nə oldu? İndi Paşinyan hər gün dünya liderlərinə zəng edir. Mən heç kimə zəng etməmişəm. Heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər”.

.