Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun Baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahında olub.

NATO-nun Baş katibi Yens Stoltenberq dövlət başçısı İlham Əliyevi qarşılayıb.
Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.

"Azərbaycan hərbçiləri NATO kontingenti ilə birgə Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xidmət edir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
"94 Azərbaycan hərbçisi NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək naminə xidmət edir", - Azərbaycanın dövlət başçısı bildirib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan və NATO artıq neçə il əməkdaşlıq edir, ölkə NATO-nun bir çox sülhməramlı əməliyyatlarında iştirak edir, hazırda isə Azərbaycan "Qətiyyətli dəstək" missiyasına öz töhfəsini verir.
Azərbaycan həmçinin multimodal tranzit təqdim edir və koalisiya qüvvələrinə öz hava məkanından istifadəyə verir, dövlət başçısı vurğulayıb.
"Azərbaycan həmçinin Əfqanıstan silahlı qüvvələri üçün məqsədli fonda öz töhfəsini verməkdədir və, baş katibinin dediyi kimi, biz sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə daha böyük töhfə vermək üçün Əfqanıstanda kontingentimizin sayını artıracağıq", - İlham Əliyev bildirib.
Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq "Qətiyyətli dəstək" missiyası çərçivəsində Əfqanıstanda sülhməramlıların sayını artırmaq haqqında qərara görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Prezident həmçinin qeyd edib ki, Azərbaycan 2004-ci ildən fərdi tərəfdaşlıq planına qoşulub və 4 mərhələni başa vurub, beşinci mərhələ isə hazırda həyata keçirilir.

"Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır."
Bunu da Prezident Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
"Biz regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik və regional təhlükəsizliyə ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir", - İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: "Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılır və bu vəziyyət, təəssüf ki, dəyişmir. Ermənistan status-kvonun saxlanılmasını istəyir, baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən gələn bəyanatlarda status-kvonun qəbuledilməzlyi və onu dəyişdirilməsinin zəruriliyi bildirilir."
Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "20 ildən artıqdır Ermənistan bu qətnamələrə tabe olmur. Münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyü prinsipinin qorunmasına əsaslanmalıdır."

"Azərbaycanla NATO arasında əməkdaşlıq potensialın inkişafından enerji təhlükəsizliyinin təmin olunmasına qədər bir çox sahələri əhatə edir".
Bu barədə isə NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz seçdiyimiz bütün sahələrdə işə davam etmək və əməkdaşlığımızı inkişaf etdirməkdə qərarlıyıq", - NATO baş katibi qeyd edib və Azərbaycanı təhlükəsizlik sektorunda islahatlar həyata keçirməyə çağırıb.
Y.Stoltenberq həmçinin Azərbaycan Prezidenti ilə görüş zamanı Cənubi Qafqazda regional təhlükəsizlik məsələsinin müzakirə olunduğunu qeyd edib.






.