Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, H. Salber Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Mogerininin Azərbaycana səfərindən sonra əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların açıldığını deyib. O bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işinə öz töhfəsini verə bilər.
Prezident İlham Əliyev F. Mogerininin Azərbaycana səfərinin uğurlu və məhsuldar olduğunu vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən dövlət başçısı gələcək tərəfdaşlığın yaxşı perspektivlərə malik olduğunu söyləyib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb, eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
.
