"Azərbaycan Türkiyənin yanındadır, həmişə dəstək verir”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, Azərbaycan dünən Almaniya Bundestaqı tərəfindən qəbul edilən, yalan üzərində qurulan qətnaməni pisləyir: "Bu, ədalətsizlik, ikili standart və tarixin təhrif edilməsidir. Biz buna dözə bilmərik, dözmürük. Diaspor təşkilatlarımıza təlimat verilib ki, daim Türkiyə diaspor təşkilatları ilə birgə hərəkət etsinlər. Biz bölgədə və dünyada birlik ortaya qoymalıyıq”.
Prezident qeyd edib ki, Almaniya Bundestaqının qərarı siyasi sifarişdir: "Bunun siyasi tərəfləri var. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək, Türkiyənin müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə, bəhanədir, böyük dövlətlərin əlində alətə çevrilib. Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən il iyunun 12-də Almaniya parlamenti Azərbaycana qarşı ədalətsiz, yalana əsaslanan qətnamə qəbul edib. Guya Azərbaycanda insan haqları pozulur. Bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir, azad internet mövcuddur. Azad internet olan yerdə söz azadlığı necə pozula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Biz bu gün görürük ki, Avropada dinc nümayişçilər necə təhqir olunur”.
Dövlət başçısı xatırladıb ki, Birinci Avropa Oyunlarının açılışında Almaniya parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib: "Bu, bizə sataşmaq idi. Azərbaycan və Türkiyəyə qarşı bu qətnamələri qəbul edənlər böyük tarixi və siyasi səhv buraxdılar. Bizə qarşı aparılan təxribatlar göstərdi ki, biz ancaq birlikdə güclü ola bilərik. Türkiyə və Azərbaycan birliyi faktordur, bu faktoru heç kim inkar edə bilməz”.
"Bu gün Türkiyənin baş naziri Azərbaycana rəsmi səfərə gəlib, bu səfər iki ölkə arasında münasibətlərin inkişafı üçün önəmlidir. Əminəm ki, Türkiyə hökuməti əlaqələrin inkişafı üçün bizimlə birgə çalışacaq”.
Bu sözləri də İlham Əliyev deyib. O bildirib ki, bu gün iki ölkə əlaqələri ən yüksək səviyyədədir: "Bu il 3 dəfə Türkiyəyə səfər etmişəm, qarşılıqlı səfərlər də nəzərə alınanda, ümumilikdə 5 yüksək səviyyəli görüş keçirilib. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas qrupu yaradılıb. Bu qərarın qəbul olunmasında Türkiyənin böyük rolu olub”.
"Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır”
İlham Əliyev həmçinin qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır
Dövlət başçısı bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb: "Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib, məsələ həllini tapmır. BMT qətnamələrində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Lakin bu qətnamələr kağız üzərində qalıb, çünki ikili standartlar var. Bəzi hallarda BMT qətnamələri 1 gün ərzində icra edilir, Azərbaycana gəlincə, 20 ildir, yerinə yetirilmir. Bu, böyük ədalətsizlikdir”.
Prezident bildirib ki, Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib: "Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz çalışacağıq ki, bu məsələ danışıqlar yolu ilə həll edilsin. "Status-kvo" dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”.
