Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını, Xocalı soyqırımının törədildiyini bildirib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlət başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu vurğulayıb.
Prezident İlham Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir və ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin icrasında mühüm rol oynayır və beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir.
Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rolundan danışıb. Azərbaycan Prezidenti ölkəmizdə multikulturalizm və dünyəvilik dəyərlərinin qorunub saxlandığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda demokratiyanın və bütün azadlıqların təmin olunduğunu da bildirib.
Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens, Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan və Almaniyadan olan səfirləri çıxış ediblər.
Prezidenti bu gün həmçinin İtaliyanın "Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonu qəbul edib.
Bu barədə də Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilk dəfə Bakıda olduğunu, paytaxtın gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib.
A.Profumo bu ilin mayında "Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunduğunu və ilk xarici səfərini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin İtaliya üçün və eləcə də təmsil etdiyi şirkət üçün böyük əhəmiyyət daşıdığını deyib. O. "Leonardo” şirkətinin çoxşaxəli fəaliyyət göstərdiyini qeyd edərək ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Alessandro Profumonu "Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunması münasibətilə təbrik edib. Dövlət başçısı bu ilin əvvəlində "Leonardo” şirkətinin keçmiş baş icraçı direktoru Mauro Moretti ilə görüşünü xatırlayaraq A.Profumonun ilk xarici səfərini Azərbaycana etməsini ölkəmizə olan marağın yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə İtaliya arasında əlaqələrə toxunan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın gündəliyinin çox geniş olduğunu, iki ölkənin bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sənaye, ticarət sahələrində uğurlu əməkdaşlıq etdiklərini bildirib.
Görüş zamanı "Leonardo” şirkəti ilə ölkəmizin bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, Silkway şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edilib və əməkdaşlığımızın yaxşı potensiala malik olduğu bildirilib.
