"Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik.
Bu istiqamətdə yaxşı nəticələr var. Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var".
Bunu prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışında deyib.
Dövlət başçısının sözlərinə görə, yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik.
"Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar. Çünki dəfələrlə olub ki, ilk dəfə Azərbaycana gələn və mənimlə görüşən hansısa xarici nümayəndə heyəti öz təəccübünü gizlədə bilməyib. Deyirlər ki, bəs biz tam başqa fikirdəydik, bizə başqa şeylər deyirdilər. Amma biz gəldik, gördük ki, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan necə gözəl ölkədir, Azərbaycan vətəndaşları necə qonaqpərvər və gözəl insanlardır. Bir çoxları bir məsələni də xüsusilə qeyd edir ki, cəmiyyətdə çox gözəl ab-hava var. Bu, doğrudan da belədir. Biz buna öyrəşmişik. Bu, bizim üçün adi haldır. Ancaq bəzi başqa ölkələrlə müqayisədə Azərbaycanda ictimai vəziyyət, fikir azadlığı və cəmiyyətdə hökm sürən ab-hava doğrudan da çox müsbətdir", - deyə prezident bildirib.
"Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil. Biz görürük ki, dünyanın bir çox ölkəsində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm daxili xarakter daşıyır. Baxır, gündəlikdə hansı məsələ dayanır və təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə, hansısa məqsədləri güdür. Bu məqsədlər bir çox halda həqiqətdən daha önəmli amil kimi qəbul edilir. Ona görə hesab edirəm ki, jurnalistikada, ilk növbədə, həqiqət prinsipləri üstünlük təşkil etməlidir".
İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışında deyib.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan mətbuatında yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə aşağı düşüb.
"Bunu cəmiyyət də görür, jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir və hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var” - deyə, dövlət başçısı əlavə edib.
Azərbaycan prezidentinin sözlərinə görə, jurnalistika mümkün qədər obyektiv olmalıdır: "Çünki tam obyektivliyə nail olmaq çətindir. Hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq jurnalistlərin üzərində çox böyük məsuliyyət var. Onların sözü incidə də, problem yarada da, yaxud da ki, məsələni həll edə bilər. Ona görə xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha da böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir”.
Dövlət başçısı deyib ki, son illərdə Azərbaycan jurnalistikası bu istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumata, insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar: "Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədirlər. Hesab edirəm ki, jurnalistikamızda bu istiqamətdə müşahidə olunan islahatlar davam edəcək. Biz 1990-cı illərdə jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. Biz o vaxt çox üzücü bir mənzərə ilə üzləşmişdik. Yəni, bəzi mətbuat orqanlarında təhqir, böhtan və şər amilləri əsas rol oynayırdı. Ancaq indi həm cəmiyyətimiz, həm də jurnalistikamız inkişaf edib. Bu gün jurnalistlərin məsuliyyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır”.
"Hesab edirəm ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir. Azərbaycan getdikcə daha da güclənir, Azərbaycanın rolu nəinki bölgədə, dünyada artır. Bölgədə bizim iştirakımız, razılığımız olmadan heç bir layihə, yaxud siyasi, iqtisadi və digər təşəbbüs reallaşa bilməz. Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz".
Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bununla belə, Azərbaycan daha önəmli ölkə olduğu üçün bizə təsir etmək cəhdləri də artır: "Onlar özünü yeni formalarla büruzə verir. Siyasi hakimiyyətə təsir etmək mümkün deyil. Yəni, ictimai rəyə, ictimai fikrə təsir etmək cəhdləri çoxalır. Bunu necə etməli? Jurnalistika vasitəsilə. Ona görə Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. Əlbəttə, ölkəmizdə problemlər, çatışmayan cəhətlər, qüsurlar var. Siz bunu işıqlandırırsınız və işıqlandırmalısınız. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. Bu, təbii prosesdir. Ancaq, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümüzü xarici təsirdən qorumalıyıq. Gənc nəsli qorumalıyıq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin. Çünki bizim tariximiz əfsuslar olsun elədir ki, biz müxtəlif dövrlərdə müxtəlif dövlətlərin, imperiyaların tərkibində yaşamışıq, müstəqil olmamışıq. Bu, istər-istəməz bizim psixologiyamıza da müəyyən dərəcədə təsir edib".
Prezident qeyd edib ki, bu gün biz müstəqil, azad dövlət və xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq.
"Həmişə belə olmalıdır. Həmişə ölkəmizin taleyi Azərbaycan xalqının əlində olmalıdır. Ona görə özümüzü xarici təsirdən qorumaq üçün Azərbaycan dövləti çox ciddi və uğurlu siyasət aparır. Deyə bilərəm ki, bizə təzyiq etmək, bizi nəyəsə sövq etmək, məcbur etmək cəhdləri kəskin şəkildə aşağı düşüb. O cümlədən ona görə ki, bu səylərin heç bir nəticəsi yoxdur. Ona görə biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır", - deyə dövlət başçısı qeyd edib.
"Tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Çünki əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir”.
Bunu da İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir: "Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilib, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaq. Azərbaycan bundan sonra da iqtisadi və siyasi inkişaf yolu ilə getməlidir. Hesab edirəm, bizim qısa müstəqillik tariximiz onu göstərir ki, bu, yeganə düzgün yoldur. Çünki o qədər də asan olmayan geosiyasi vəziyyətdə Azərbaycan, ilk növbədə, öz müstəqil siyasətini qoruya və möhkəmləndirə bilib, heç bir xarici təsir altına düşməyib. Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlindədir. Ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Biz böyük iqtisadi inkişafa nail olduq. Biz böyük meqalayihələri icra etdik. Biz özümüzü dünyada artıq multikulturalizmin mərkəzi kimi tanıda bildik və bu gün bu sahədəki uğurlarımız bir çox ölkələrdə öyrənilir. Yəni, əldə edilmiş bütün bu uğurların təməlində bizim düşünülmüş siyasətdir və o cümlədən demokratik cəmiyyətin formalaşmasıdır”.
