Gələn il Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində oynayacaq daha iki komanda bəlli olub.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin IX turu Fransa və Belçika mundiala vəsiqə qazanması ilə nəticələnib.

Son dünya çempionu D qrupunda 1-ci yeri təmin edib. Qazaxıstanı qəbul edən Fransa 8:0 hesabı ilə qalib gələrək xal hesabını 15-ə çatdırıb. Bununla da Didye Deşamın yetirmələri izləyiciləri üçün əlçatmaz olub. Bu qrupdan pley-offa yüksəlməyə Bosniya və Herseqovinanı 3:1 hesabı ilə məğlub edərək aktivini 11 xala çatdıran Finlandiya və 2 xal geri qalan Ukrayna iddia edir.

Belçika E qrupunun qalibi olub. Evdə Estoniyanı 3:1 hesabı ilə məğlub edən Roberto Martinesin yetirmələri 19 xalla rəqibləri üçün əlçatmaz olub. Belarus üzərində qələbə ilə (4:0) xal hesabını 14-ə çatdıran Uels və üç xal geridə qalan Çexiya pley-offa yüksəlmək üçün son turda da mübarizə aparacaq.

Qardaş Türkiyə yığmasının yer aldığı G qrupunda da birbaşa vəsiqənin taleyi son tura qalıb. Səfərdə Monteneqronun qonağı olan Niderland iki top üstünlüyünü əldən verib – 2:2. Lui van Qalın yetirmələri bununla da xal hesabını 20-yə çatdırıb. 1-ci pillədə qərarlaşan narıncıların izləyiciləri Norveçlə Türkiyə 18 xala malikdir. Son tur həm birbaşa vəsiqə, həm pley-offa yüksələcək komandanın adına aydınlıq gətirəcək. Niderlandla Norveçin qarşılaşacağı turda Türkiyə Monteneqro ilə üz-üzə gələcək. Hər üç komanda həm 1-ci yer şansına malikdir, həm də kənarda qalmaq təhlükəsi var.

Qeyd edək ki, bununla da gələn il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək mundialda iştirakı dəqiqləşən komandaların sayı 6-ya çatıb. Meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka ilə Almaniya, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb.

.