Bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir, lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq fərqli müsabiqə vəziyyətinin yarandığını görürük.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, məsələn I ixtisas qrupunda 16419 plan yeri ayrılıb.

"Müsabiqədə iştirak etmək hüququ olanlar isə 19030 nəfərdir. İkinci qrupda isə 12232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var".

Ali məktəblərə qəbul olmaq üçün ayrılan plan yerlərinin sayı açıqlanıb

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötən il plan yeri 49998 idi:

“Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur”.

Məleykə Abbaszadə qeyd edib ki, bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir:

"Ötən il bu rəqəm 83029 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var".

Ümumi balı ən azı 150 olanlar üçün ayrılan plan yerlərinin sayı açıqlanıb

Ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10620-dir:

“Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər də iştirak edə bilərlər”.

O qeyd edib ki, I və IV ixtisas qruplarında kənd təsərrüfatı profilli ixtisaslar üzrə (I qrupda 1060 yer, IV qrupda 400 yer, ümumilikdə 1460 yer) həm dövlət sifarişi əsasında, həm ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.

Məleykə Abbaszadə: “İxtisas seçimini başqalarına həvalə etmək düzgün deyil”

“İxtisas seçimi zamanı düzgün qərar qəbul etmək abituriyentin qarşısında duran ən əhəmiyyətli məsələdir. Bu zaman mövcud müsabiqə vəziyyəti, abituriyentin imtahan nəticələri, onun istəyi, ailənin imkanları nəzərə alınmalıdır. İlk növbədə hər kəs bu məsuliyyəti dərk etməli və şəxsən özü öz seçimini etməlidir”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük:

“Sanki mövsüm gələndə hamı mütəxəssisə çevrilir. Lakin təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil. Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burda qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir.

Ola bilsin siz bu il zəif hazırlaşmısınız və istədiyiniz yerə qəbul ola bilməmisiniz. Bu son deyil axı. Siz yenə də hazırlaşıb ali məktəbə qəbul ola bilərsiniz. Bu mərhələdə də biz sizə dəstək verməyə hazırıq. DİM-in e-psixoloq.az portalı var. Orada siz həm psixoloji dəstək ala bilərsiniz, həm də təhsil karyeranız, istək və bacarıqlarınıza uyğun peşələrin müəyyən edilməsi üçün psixoloji testlərdən keçə bilərsiniz. Bu imkanlardan yararlanmaq lazımdır.

İxtisas seçimi ailə çərçivəsində müzakirə olunmalıdır. Valideynlə ödənişli və ya dövlət sifarişli yerləri yazmaqda məsləhətləşmək lazımdır. Hansı regionda yerləşən universiteti yazmağı seçəndə orada oxumaq, qalmaq imkanları ən yaxın insanlarla müzakirə olunmalıdır.

Ona görə də hər kəs öz strategiyasını müəyyən etməlidir. Burada iki növ strategiya ola bilər. Birinci halda abituriyentlər yalnız konkret ixtisası seçirlər. Bu il alınmasa, gələn il də cəhd etmək olar. Əsas odur ki, siz məqsədinizdən dönməyəsiniz. Müsabiqə vəziyyətinin reallıqlarını da nəzərə alıb qərar vermək lazımdır. İkinci halda isə abituriyentlərin hansı ixtisasda və ya ali məktəbdə oxumasının heç bir fərqi olmadığını görürük. Onların məqsədi yalnız ali məktəbə qəbul olmaq olur”.

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20229 subbakalavr müraciət edib.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 19295 nəfər ərizə təqdim etmişdi.

"Ötən il 6810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il daha az subbakalavrın ali təhsil müəssisəsinə qəbul olacağı gözlənilir. Çünki abituriyentlərin nəticələri daha yüksəkdir, onlar yerləşdiriləndən sonra subbakalavrlara daha az yer qalacaq. Müxtəlif qruplarda bu, müxtəlif rəqəmlər ola bilər. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur.

Bu gün saat 15:00-da abituriyentlər üçün ayrıca canlı yayım edəcəyik və hər ixtisas qrupu üzrə müsabiqə vəziyyəti təhlil ediləcək, məsləhət veriləcək.

Bundan başqa, avqustun 15-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub. Qəbul olunan şəxslər 2022-ci il 18 avqust 10:00-dan 30 avqust saat 23:59‑dək elektron qaydada https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər.

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyat avqustun 17-dək davam edir".

DİM sədri: "Kənd təsərrüfatına aid ixtisasları seçənlər 5-6 ildən sonra özlərinə yaxşı iş tapacaq"

"Kənd təsərrüfatına aid ixtisasları seçənlər 5-6 ildən sonra əmək bazarında özlərinə yaxşı işlər tapacaqlar".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, lakin kənd təsərrüfatı ixtisaslarına sənəd verən abituriyentlərin sayı az ola bilər:

"Seçimlər çox zaman bala uyğun, kortəbii şəkildə aparılır. Lakin valideynlər ixtisas seçimində övladları ilə birgə məsləhətləşmələr aparsalar, daha yaxşı olar".

İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq

Bu il reytinqli universitetlərin informasiya təhlükəsizliyi ixtisasına daha yüksək ixtisas balı formalaşacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 10 il əvvəl kimsə desəydi ki, hüquq ixtisasının keçid balı informasiya təhlükəsizliyi ixtisasından aşağı olacaq, heç kim inanmazdı.

"Artıq bu, reallıqdır. İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquq ixtisasından yüksək olacaq".

.