“Bu gün Azərbaycanda olmaq bizim üçün çox böyük şərəfdir”. 

Bunu bu gün İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib. 

Əhməd Kavesa Senqendo deyib ki, torpaqların işğaldan azad edilməsi hissini Azərbaycan xalqı ilə paylaşmaqdan çox məmnundurlar : “Torpaqların işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan hökuməti və xalqına təbriklərimizi çatdırırıq”. 

İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi qeyd edib ki, İƏT üzvləri Azərbaycanı bu məsələdə daim dəstəkləyib: “Bu, tək Azərbaycanın İƏT üzvü olması deyil, Azərbaycanın mövqeyinin ədalətli olması ilə bağlı idi. Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ vardı. Bundan sonra da Azərbaycana öz dəstəyimizi ifadə edəcəyik”.

İƏT Baş katibinin köməkçisi: “Erməni işğalçıları vəfat etmiş insanlara qarşı da vandallıq törədib, qəbiristanlıqları dağıdıb”

“İƏT münaqişə ilə əlaqədar Təmas Qrupu yaradıb. Bu gün bu tədbirdə Təmas Qrupuna üzv dövlətlərin nümayəndələri iştirak edir”.

Bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib.

Əhməd Kavesa Senqendo deyib ki, azad olunmuş ərazilərə ilk dəfə səfər ediblər: “Ermənistan silahlı qüvvələrinin binalara, məscidlərə qarşı vandallıqlarını, kəndlərin yer üzündən silinməsinin şahidi olduq. Bu, kədərli təəssürat yaradır. Məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini, qəbiristanlıqların dağıdıldığını gördük. İşğalçılar tək canlı insanlara deyil, vəfat etmiş insanlara qarşı da vandallıq törədib. Bu, qeyri-insani davranışın təzahürüdür”.

İƏT Baş katibinin köməkçisi qeyd edib ki, Azərbaycan dövlətinin bu torpaqlarda bərpa işləri həyata keçirəcəyinə və məcburi köçkünlərin torpaqlarına qayıdacaqlarına əmindirlər.

İƏT azad edilmiş ərazilərdə məscid və məktəblərin bərpasına dəstək verəcək

“Azərbaycanı qələbə münasibəti ilə təbrik edirik”.

Bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama bildirib.

Dya-Eddine Said Bamakhrama deyib ki, İƏT 57 üzv dövlətdən ibarətdir və hazırda bu dövlətləri təmsil edirlər: “44 günlük müharibədən sonra ilk dəfə səfər etmək imkanı əldə etdik. Ağdamın tamamilə dağılmış vəziyyətdə olduğunu gördük. Əvvəllər mövcud olan şəhərin yer üzündən silinməsinin şahidi olduq”.

Cibutinin İƏT-dəki daimi nümayəndəsi qeyd edib ki, səfər çərçivəsində Gəncə şəhərində olub, Gəncəyə endirilən raket zərbələri nəticəsində törədilən dağıntıları görüblər: “Səfərdə məqsəd İƏT çərçivəsində qəbul olunan qətnamələrin icrası və Azərbaycan hökumətinin bundan sonra atacağı addımlarla bağlı müzakirələr aparmaq idi. Bundan sonra işğaldan azad edilmiş torpaqlara qayıdışın mümkün olması üçün İƏT çərçivəsində müəyyən proqramların icrası məscidlərin, məktəblərin tikintisini təmin edilə bilər. Azərbaycana dəstəyimiz davam edəcək”.

Dya-Eddine Said Bamakhrama nəzərə çatdırıb ki, İslam məhəbbət, sülh və həmrəylik dinidir: “Azərbaycanın qələbəsini görməyə şadıq. Əlimizdən gələni etməliyik ki, rifah prosesləri sürtələ getsin”.

.