Rövşən Ağayev: «Nə qədər ki, bu defisit var, valyuta bazarında sabitlik gözləməyin»

İqtisadçı ekspert  Rövşən Ağayev 2016-cı il üzrə xarici ticarət statistikasını təhlil edib. Ekspert bildirib ki, idxalda təxminən 700 mln. dollar (7.6%) azalma var. O, idxaldakı azalmanın əsasən dövlət sektoru ilə bağlı olduğunu vurğulayıb: «Bu sektor üzrə idxalın həcmi 400 mln. dollar ixtisara düşüb. İdxalla bağlı diqqətçəkən başqa bir məqam: minik avtomobillərinin idxalı 4.5 dəfəyədək azalaraq təxminən 23.8 min ədəddən 5 min ədədə enib.  İxrac daha çox azalıb - təxminən 2.3 mlrd. dollar (20%)».

R.Ağayevin sözlərinə görə ilin yekununa əsasən xarici ticarət balansında 610 mln. USD profisit yaranıb. «Bu 2007-ci ildən sonra ən aşağı göstəricidi. 2008-2014-cü illərdə xarici ticarət balansının profisti əksər illərdə 10 mlrd. dolların üzərində olub. Yalnız 2015-ci ildə nefti qiymətinin kəskin ucuzlaşmasından sonra həmin göstərici 2.2 mlrd. USD-yə enmişdi.

Qeyri-neft ixracı 1.258 mlrd. USD olub - ümumi ixracın 13.7%-i.

Qeyri-neft ixracının həcmi 2015-ə nisbətən 28%-ə yaxın azalıb.

«İdxal 700 milyon, ixrac 2.3 milyard dollar azalıb»

Bu statistikanın analizi göstərir ki, 2016-cı il idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması kimi hədəflər hələ ki, yaxın perspektivdə üfüqdə də görünmür.

Uzun illər Azərbaycanda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin qorunması məhz ticarət balansının irihəcmli profisiti sayəsində mümkün olub. Əmtəə ixracından qazanılan böyük həcmli valyuta vəsaitləri həm ölkənin xidmət balansında, həm də maliyyə hesabında böyük məbləğdə kəsiri qapadırdı. 

Hazırkı vəziyyətdə ölkənin ticarət balansının saldosunda profisitin 10 dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib. Nə qədər ki, bu defisit var, valyuta bazarında sabitlik gözləməyin»-deyə iqtisadçı qeyd edib.

Bizimyol.info
.