"Azərbaycan Ordusu beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir".
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatında deyib.
General-mayor bildirib ki, Azərbaycan Ordusu Kosovo, Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlarda uğurla iştirak edib:"Azərbaycan hazırda da BMT-nin Sudandakı missiyasında iştirak edərək beynəlxalq təhlükəsizliyə öz töhfəsini verməkdə davam edir".
Elçin Abdullayev vurğulayıb ki, Əfqanıstandan qoşunların çıxarılması prosesində ölkəni ən son tərk edən dövlətlər Azərbaycan və Türkiyə olub. Onun sözlərinə görə, bu, beynəlxalq missiyalara göstərilən yüksək məsuliyyətin və etimadın göstəricisidir.
O qeyd edib ki, Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, ölkənin Silahlı Qüvvələrinin nüfuzunun artmasına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və ordunun peşəkarlığının daha da yüksəlməsinə xidmət edir.
General-mayor əlavə edib ki, regionda və dünyada baş verən müasir proseslər Azərbaycan Ordusunun potensialının daha da gücləndirilməsini zəruri edir. Onun sözlərinə görə, həyata keçirilən islahatlar sülhməramlı bölmələrin döyüş hazırlığının və əməliyyat qabiliyyətinin artırılmasını da əhatə edir.
.
