2014-2019-cu illərdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" məhəlləsindən 6 mindən çox ailə köçürülüb.

Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib.

Elşad Həsənovun sözlərinə görə, 2019-cu ildən "Sovetski" dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir.

"Sovetski" məhəlləsində köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq.

"Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq", - icra başçısı əlavə edib.

Alatava və İnşaatçılar metrosu yaxınlığındakı həyət evlərinin sökülməsi müzakirə olunur

Yasamal rayonunda Alatava, İnşaatçılar metrosunun ətrafındakı ərazilərdə yerləşən həyət evlərinin sökülərək, yeni binaların tikilməsi ilə bağlı məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirə olunur.

Bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

O bildirib ki, hazırda Bakı şəhərinin baş planı hazırlanır:

"Müxtəlif ərazilərin müxtəlif şirkətlərlə danışıq əsasında sökülməsi və yeni evlərlə əvəzləşdirilməsi planda var. Proses sakinlərlə şirkətlər arasında qarşılıqlı razılaşma əsasında icra olunacaq".

.