COP29 yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələrinin Azərbaycana qarşı təzyiqləri və hücumları daha da güclənir. Amnesty International və Human Rights Watch təşkilatları bu gün səhər yaydıqları bəyanatda Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Qeyd olunub ki, bu bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir.

Həmçinin bəyanatda deyilir: "Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir.

Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında İcmamızın Amnesty International və Human Rights Watch-a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir. Bütün bunlar Amnesty International və Human Rights Watch-un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir.

Biz Amnesty International və Human Rights Watch-un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq".

.