Qərbi Azərbaycan İcması bütün dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb.
"Bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərindən bir il ötür:
"Bu tədbirlə Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa son qoyub və ölkənin suverenliyini tam bərpa edib. Bu qətiyyətli addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı uzunmüddətli qəsdini sona çatdıraraq beynəlxalq hüququn aliliyini təmin edib. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanmış sistemli mübarizə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla tamamlanıb. Otuz il davam edən və tam qələbə ilə nəticələnən bu mübarizə, Azərbaycanda xalq və dövlət arasında birliyin təcəssümüdür".
Sənəddə vurğulanıb ki, Azərbaycanın atdığı addımlar təkcə özünün milli maraqlarına xidmət etməyib, həm də beynəlxalq ədalət prinsiplərini müdafiə edib. Bu, dünyanın xaos və ədalətsizliklərlə dolu olduğu bir dövrdə haqqın və ədalətin nadir təntənəsidir.
"Təəssüf ki, bəzi xarici qüvvələr bu nailiyyətləri mənfi işıqda göstərməyə və ikiüzlülük yolu ilə yenidən gərginlik yaratmağa cəhd edirlər. Biz bu qüvvələrdən beynəlxalq hüquq normalarına hörmət etməyi və regionda davamlı sülhə mane olmamağı tələb edirik. Biz bütün dövlətləri ədalətin bu şanlı qələbəsini alqışlamağa və tarixin bu ağrılı səhifəsinin ləyaqətlə bağlanması üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq", - bəyanatda qeyd edilib.
.