Bələdiyyələr vətəndaşlara xidmət prinsipi əsasında fəaliyyət göstərməlidir və qəbiristanlıq yerləri ilə bağlı ödənişlərin tətbiqi məqsədəuyğun deyil.

Bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

H.Hüseynov əlavə edib ki, vaxtilə bələdiyyələr cəmiyyətdə "torpaq satan təşkilat" kimi tanınırdı:

"Düşünürəm ki, bu anlayış artıq bizim leksikonumuzdan çıxmalıdır. Lakin 2018-ci ildə qəbiristanlıqların bələdiyyələrin balansına verilməsinə görə, belə görürəm, bələdiyyələr "qəbiristanlıq yeri satan təşkilat" kimi tanınacaqlar. Bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim olunur. Məsələn, Binəqədi rayonunda 61 manat məbləğində rüsum tətbiq edilir. Sual yaranır, bu rüsum hansı əsasla müəyyən edilib? Qanunvericiliyə görə, bu məsələlər qiymətləndirmə komitələri və müvafiq orqanlar tərəfindən tənzimlənməlidir".

Assosiasiya sədri vurğulayıb ki, belə torpaq sahələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi daha doğru olardı.

"Doğrudur, qanunvericilikdə sosial vəziyyəti ağır olan şəxslər üçün dəfn xərclərinə dəstək göstərilməsi nəzərdə tutulur. Lakin düşünürəm ki, torpaq sahəsinin verilməsi də ödənişsiz həyata keçirilməlidir ki, gələcəkdə bələdiyyələr yenidən "torpaq satan qurum" kimi formalaşmış mənfi imiclə üzləşməsin", - o qeyd edib.

.