Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli “Hirkan meşələri” nominasiyası hazırlanmış və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.

Bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir qeyd edib ki, TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının 8-ci iclasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq, Azərbaycan ərazisində geoparkların yaradılması və UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması istiqamətində işlərə başlanılıb.

"Yer kürəsində yayılmış 2500-dən çox palçıq vulkanlarından 350-yə qədəri Azərbaycanın payına düşür və ölkəmiz dünya üzrə bu sahədə özünəməxsus yer tutur. İnanırıq ki, palçıq vulkanları əsaslı geoparkın yaradılması ölkədə geoturizmin inkişafına və Azərbaycanın palçıq vulkanlarının ən çox yayıldığı ölkə kimi tanınmasına təkan verəcək”, - deyə nazir əlavə edib.

.