Hindistanın şimal və şimal-şərq bölgələrində güclü musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələri nəticəsində azı 25 nəfər həlak olub.
APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Hindistanın nəzarətində olan Kəşmirin Punç, Racouri və Doda rayonlarında baş verən yağışla əlaqədar hadisələr nəticəsində azı 15 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.
Naqaland ştatında torpaq sürüşmələri doqquz nəfərin həyatına son qoyub. Assam ştatında isə sel nəticəsində bir nəfər ölüb, 57 mindən çox sakin təbii fəlakətdən zərər çəkib.
Hindistan Meteorologiya İdarəsi ölkənin şimal-qərb, şərq və şimal-şərq bölgələrində aktiv musson şəraitinin qarşıdakı 6–7 gün ərzində də davam edəcəyini bildirib.
.
