
ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə demokrat iddiaçı Hillari Klintonun dövlət katibi işlədiyi dövrdə şəxsi elektron poçtu üzərindən dövlət işlərinə dair yazışmalar aparması ətrafında qalmaqal davam edir.
Hillari Klintonun təhlükəsizliyi kifayət qədər təmin olunmayan şəxsi elektron poçtu üzərindən dövlət işlərinə dair yazışmalar apararaq məxfi xarakterli məlumatları yaya biləcəyinə dair şübhələri hazırda xüsusi xidmət orqanları araşdırır.
Keçmiş dövlət katibini şəxsi elektron poçtundan 55 mindən çox məktubu Dövlət Departamentinə verib. Bu məktubların bir neçə mini artıq açıqlanıb və orada Azərbaycana, o cümlədən 2009-cu ildə Ermənistanla Türkiyə arasında barışıq prosesinə dair məktublar var.
Belə yazışmalardan biri Hillari Klintonun protokol xidmətinin rəhbəri Huma Abedinlə dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Filip Qordon arasındadır.
2009-cu ilin sentyabrında, Sürix protokollarının imzalanması ərəfəsində aparılmış yazışmada Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın telefon zəngindən və Hillari Klintonla Ermənistan prezidenti Serj Sərkisyan arasında telefon danışığının razılaşdırılmasından gedir.
2009-cu il, sentyabrın 19-da Huma Abedin Hillari Klintona yazır: "Siz bu gün Nalbəndyanın zəngini qəbul etməyə hazırsınız? Filin (Filip Qordon-red.) qeydinə də baxın, biz də yaxın vaxtda bu zəngi siyahıya daxil etmişik”.
Növbəti məktubu Filip Qordon Klintonun köməkçisi Huma Abedinə (protokol xidmətinin rəhbərinə) göndərib. Söhbət Hillari Klintonun Serj Sərkisyana zəngi barədə gedir: "Bu gün o, Sərkisyana zəng edə biləcək. İsrarla tövsiyə edirəm ki, davam etsin. Təşəkkür”.
Məktuba Nalbəndyanın Dövlət Departamentinə daxil olmuş yazılı bəyanatı əlavə olunur.
Nalbəndyan bildirir: "Türkiyə tərəfi məlumatlandırılıb və biz əminik ki, onlar bunu başa düşürlər. Biz türk-erməni barışıq prosesindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair addımları istisna edirik. Bu iki prosesi bir-biri ilə əlaqələndirmək hər ikisinin iflası ilə nəticələnə bilər. Bir sıra ölkələr, o cümlədən Minsk Qrupunun həmsədrlərindən bəziləri eyni mövqedən çıxış edir.
Onlar dəfələrlə deyiblər ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilkin şərt irəli sürülmədən aparılmalıdır. Bu qarşılıqlı anlaşma ilə biz danışıqlara başlamışıq və razılığa gəlmişik, həmin razılaşma paraflanmış protokollarda əksini tapıb. Əgər Türkiyə tərəfinin həmin sənədi imzalamaqla bağlı problemi varsa, onlar buna razılaşmanın mahiyyətini təhrif etmək yolu ilə haqq qazandırmamalıdır. Razılaşdırılmış sənədlərin imzalanması və həyata keçirilməsi çətin prosesdir. Buna baxmayaraq Ermənistan razılaşmaya hörmət etməyə və irəli addım atmağa hazırdır.
Əgər Türkiyənin indiki hakimiyyəti Osmanlı imperiyası tərəfindən törədilmiş genosid faktını qəbul etməyə hazır deyilsə, ən azından genosiddən sağ qalmış ermənilərə və onların əcdadlarına hörmətlə yanaşmağa borcludur”.
Filip Qordon Nalbəndyandan daxil olmuş bu bəyanatla bağlı soruşur: "Huma, siz əmin ola bilərsinizmi ki, S (Sərkisyan) da zəngdən əvvəl bunu nəzərdə tutur?”
Daha sonra məktuba Türkiyə baş naziri Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmadan Ermənistanla sərhədlərin açılmayacağına dair bəyanatından sitat əlavə olunur.
Xatırladaq ki, Hillari Klintonun dövlət katibi kimi Cənubi Qafqaz diplomatiyasının əsasını Ermənistan-Türkiyə barışıq prosesi təşkil edirdi. O, sonradan etiraf etdiyi kimi, vaxtının xeyli hissəsini bu işə sərf etmişdi və dəfələrlə Ermənistan rəhbərləri ilə telefon danışıqları aparmışdı.
Ancaq Azərbaycanın maraqları nəzərə alınmadan başladılan bu proses uğursuzluqla nəticələndi və iflasa uğradı.
.