Bəşəriyyət tarix boyunca müxtəlif bəlalarla, o cümlədən kütləvi yoluxucu xəstəliklərlə qarşılaşmışdır. Tarixi proseslərin xroniki təhlili göstərir ki, ən dəhşətli pandemiyalar qarşısında yalnız o cəmiyyətlər daha az itkilərlə davam gətirmişlər ki, onlarda insanların həmrəyliyi və birliyi tandem təşkil etmişdir. Cəmiyyətin həmrəy olması da öz növbəsində güclü liderin və ona olan inamın harmoniyasını birmənalı şərtləndirən amillərdəndir. Bu baxımdan, güclü liderin cəmiyyət tərəfindən hamılıqla qəbul edilməsində, onun rəhbəri olduğu toplunun milli və mənəvi dəyərlərini mükəmməl mənimsəməsi, eləcə də inkişafa bağlı mütərəqqi, həmçinin ən mürəkkəb vəziyyətlərdə həlledici siyasi strategiyasının və ümummilli məsələlərlə bərabər, ümumbəşəri problemlərin önlənməsində qətiyyətli və cəsarətli addımların atılması kimi məziyyətlərinin olması xüsusi spesifik formalaşdırır.

Bunu Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

Bu gün dünyamızın çox təhlükəli virusa qarşı mübarizə apardığını söyləyən H.Şikarov qeyd edib ki, ən qüdrətli dövlətlərin belə aciz qaldığı bir dönəmdə Azərbaycan COVID-19 virusu ilə mübarizəni uğurla davam etdirən və bu mübarizədə müsbət nəticələr qazanan ölkələr sırasındadır. Virusun dünyaya yayılmağa başladığı ilk gündən etibarən Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atdı. Prezident İlham Əliyev yalnız Azərbaycan xalqının deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmiş məqsədyönlü siyasi strategiya irəli sürüb və bu, beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir.

“Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb. Azərbaycanda isə ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Bəşəriyyəti bürüyən koronavirus pandemiyasının tamamilə məhv edilməsində, yer üzündən silinməsində müstəsna rol oynayan amillərdən biri dövlətlərin birliyi, həmrəyliyidir. Pandemiyanın ilk dalğalarının yayılmağa başladığı ilk günlərdə Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoya bildi.

Bəli, Azərbaycanda koronavirusa qarşı mübarizənin əsasında xalqın milli və mənəvi dəyərlərindən irəli gələn həmrəylik dayanır. Birmənalı şəkildə demək mümkündür ki, bu məsələdə ən əsas amil Azərbaycan xalqının öz liderinə sonsuz inamıdır. Bu gün cəmiyyətdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Biz birlikdə güclüyük” şüarı ağır sınaq qarşısında milli birliyin leytmotivi kimi bütün insanların dilində səslənir. Ölkəmiz bu çətin sınaqla üz-üzə qaldığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva başda olmaqla, hər kəs öz fəaliyyət sahəsində çiyin-çiyinə mübarizə aparmaqla həmrəylik nümayiş etdirir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan hakimiyyəti öz gücünü birbaşa olaraq Azərbaycan xalqından alır”, - deyə Hikmət Şikarov vurğulayıb.

O bildirib ki, mübarizənin əsas prinsiplərindən biri insan qruplarını pandemiyaya yoluxmaqdan təcrid etməkdir. Bunun üçün “Evdə qal, Azərbaycan!” şüarı fəal şəkildə təbliğ olunur. Bütün proses boyunca müşahidə olunan əsas məqam ondan ibarətdir ki, dövlət insanların bu prinsiplərə şüurlu şəkildə riayət etməsi, təhlükənin miqyasını başa düşməsi üçün bütün imkanlarını səfərbər edir. Virusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi bütün qadağa və məhdudiyyətlərin tətbiq olunma səbəbləri, prinsipləri geniş şəkildə cəmiyyətə izah edilir. Bütün qonşu ölkələrlə sərhədlərin bağlanması və martın 24-də tətbiq edilən karantin rejimi əsas iqtisadi fəaliyyətlərin dayanması ilə nəticələndi. Ölkə ərazisində mart ayının 24-dən elan olunmuş karantin rejiminin şərtlərini aprel ayının 5-dən etibarən gücləndirməklə ölkə ərazisində virusa yoluxma sayının minimuma endirilməsinə nail olundu. Bunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən may ayının 18-dən etibarən şərtlərin yüngülləşdirilməsi, SMS-icazə sisteminin ləğv edilməsi qüvvəyə mindi. Lakin bu nəticələr növbəti günlərdə edilən laqeydlik və karantin qaydalarına əməl olunmaması nəticəsində yenidən mənfiyə doğru dəyişdi. Azərbaycanda karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım müşahidə olundu. Bu səbəbdən Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi. “Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək hər bir zaman mövcud qaydalara əməl etməsi vacibdir”,- deyə Hikmət Şikarov vurğulayıb.

.