Türkiyə–Azərbaycan münasibətləri regionda sülh və təhlükəsizliyin əsas sütunlarından sayılır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, bu münasibətlər Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan ikitərəfli əməkdaşlıq modellərini üçtərəfli və çoxtərəfli formatlara da genişləndirib: “Türkiyə–Azərbaycan–Gürcüstan və Türkiyə–Azərbaycan–İran əməkdaşlıq mexanizmləri mövcuddur. Bu yanaşma regional sahibliyi gücləndirir və bütün tərəflərin maraqlarına xidmət edir”.

Prezidentin köməkçisi vurğulayıb ki, bu yanaşma konkret sahələrdə də özünü göstərir və enerji təhlükəsizliyi bunlardan biridir: “Azərbaycan öz təşəbbüsü ilə karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarıb. Bu layihələr həm qlobal enerji təhlükəsizliyinə töhfə verir, həm də region ölkələrinin maraqlarını təmin edir”.

Hikmət Hacıyev əlavə edib ki, bu proses həm regional liderliyin nümayişi, həm də regionlararası əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

.