Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyanla bağlı çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

“Azərbaycan unikal hərbi-siyasi münaqişə həlli modeli irəli sürərək və post-münaqişə dövrü üçün sülh gündəliyi formalaşdıraraq, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin – o cümlədən Bako Saakyan, Araik Arutunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib.

Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır”, - Prezidentin köməkçisi əlavə edib.

O qeyd edib ki, beynəlxalq məhkəmə və ya tribunalın – məsələn, Nürnberq məhkəmələri, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı və ya Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı kimi mexanizmlərin – yaradılması gözlənilsə də, mövcud beynəlxalq mühitdə hüququn tətbiqinin belə siyasiləşdiyi və ikili standartlara məruz qalıb:

“Bu səbəbdən Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin – o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların – ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “Təsəvvür edin ki, İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərinə görə iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların cinayətləri İkinci Dünya müharibəsi zamanı nasistlərin törətdiklərindən daha ağır idi.”

Cinayət olan yerdə məsuliyyət də olmalıdır və ədalət tam şəkildə təmin edilib. Hərbi cinayətlərdə ittiham olunan şəxsin bəraət alması həmin cinayətlərin legitimləşdirilməsi və cəzasızlıq mühitinin təşviqində iştiraka bərabərdir. Davamlı sülh və etnik barışıq ədalət olmadan mümkün deyil. Azərbaycan isə regional sülh gündəliyinin irəli aparılması və möhkəmləndirilməsi istiqamətində qətiyyətli səylərini davam etdirəcək”.

.