“İyulun 12-dən etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

H. Hacıyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bu təxribatların qarşısını alır: “Qürur doğuran haldır ki, hər bir Azərbaycan vətəndaşı bu gün həmrəydir. Qarabağ Azərbaycanın tarixi torpağıdır, bütün torpaqlarımız işğaldan azad edilməlidir. Beynəlxalq ictimaiyyət də cəmiyyətimizdəki bu yekdil fikri görməlidir. Ən əsası Azərbaycan xalqının iradəsidir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir: “Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sürükləyir”.

H. Hacıyev nəzərə çatdırıb ki, Bakıda həmrəyliklə bağlı aksiyaya xələl gətirmək istəyən zümrələr olub: “Onlar da öz layiqli cəzalarını alacaqlar. Dövlət və xalq birliyinə xələl gətirənlərə yer yoxdur”.

“Azərbaycan gəncləri dövlətin yanındadır, onlar cəbhəyə getməyə hazırdırlar”.

Bunu da bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, sərhəd boyu təlim keçmiş hərbçilər xidmət göstərir: “Şəxsi heyətin komplektləşdirilməsi problemi Ermənistan ordusundadır. Bu da Ermənistanda olan demoqrafik problemlər, orduya inamsızlıqla bağlıdır. Ona görə də hətta təmas xəttində belə muzdlulardan istifadə edilir. Azərbaycanda belə demoqrafik problem yoxdur, ordunun şəxsi heyəti tam komplektləşdirilib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ali Baş Komandan bildirib ki, kim yenidən orduda xidmət etmək istəyirsə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçə bilər: “Gənclərimizin vətənpərvərliyini, coşqusunu yüksək qiymətləndiririk. Azərbaycanın ehtiyatda olan hərbçiləri də var. Zərurət olacağı təqdirdə, onlar da öz yaşadıqları ünvanlar üzrə qeydiyyata alınacaq. Burada hərbi təlim, ibtidai hərbi bacarıqlara malik olmaq əsas şərtdir. Gənclərimizin coşqusu yüksək qiymətləndirilir. Ali Baş Komandan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısında vəziyə qoyub. Zərurət olduğu təqdirdə həmin gənclər lazımı istiqamətə yönəldiləcəklər”.

“Azərbaycan Ordusu bu gün yüksək texnologiyadan istifadə edir. Bu texnologiyadan istifadə etmək üçün isə hərbi qulluğa çağırılanlara təlim keçirilir”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, gənclərin döyüş əzmi yüksək qiymətləndirilir: “Ancaq hərbi xidmət sahəsində işlər müasir hərb sənətinin tələblərinə uyğun həyata keçirilməlidir”.

“ATƏT-in həmsədrləri bəyanat veriblər. Lakin onlar Ermənistanın mövqeyini pisləməlidirlər”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hələlik bu bəyanatlar ümumi xarakter daşıyır: “Artıq yetər. İşğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır. Bu sahədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə də məsuliyyət düşür”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan bu təxribata görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyib: “Ancaq Ali Baş Komandanın rəhbərliyi altında atılan diplomatik addımlar Ermənistanın bu niyyətini puç etdi”.

H. Hacıyev nəzərə çatdırıb ki, Ermənistan döyüşdəki itkilərini gizlədir: “Ermənistan hərbi və informasiya müstəvisində uğursuzluğa düçar olanda mülki obyektləri hədəf alır. Artıq yaşlı vətəndaşımız həlak olub. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Ermənistanın əməlləri beynəlxalq hüquqi sənədlərin kobud surətdə pozulmasıdır”.

"Ermənistan silahlı bölmələri ötən gecə təxribata əl atıblar”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu tərəfindən zəruri addımlar atılır, düşmənə layiqli cavablar verilir: “Digər tərəfdən, Ermənistan ATƏT-in Minsk Qrupuna yalvararaq atəşin dayandırılmasını xahiş edir, nisbi sakitlik olanda isə yenidən atəşkəsi pozur. Ermənistan ictimaiyyətinin hərbi avantüraya görə verilmiş itkilərin sayının açıqlanmasını hakimiyyətlərindən tələb etməsini istəyərdik”.

 

.