”Gəncədə baş verənlər Ermənistan tərəfindən birmənalı şəkildə məqsədli həyata keçirilir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, baş verənlər Ermənistanın əsl simasını göstərir.

“Bu bir daha göstərir ki, Ermənistan tərəfi ümumiyyətlə, hər hansı formada öz öhdəliklərinə sadiq tərəf ola bilməz. Baş verənlər Ermənistanın qeyri-ciddi tərəf olduğunu növbəti dəfə göstərir. Biz bunu Azərbaycan xalqına qarşı Ermənistanın həyata keçirdiyi növbəti genosid aktı kimi qiymətləndiririk. Biz ermənilərin bu kimi genosid aktlarını çox yaxşı bilirik. Onlar 90-cı illərin əvvəlində də Xocalıda da Azərbaycan xalqına qarşı soyqırımı əməlləri törətmişdilər. Amma bu gün onların qarşısında güclü Azərbaycan dövləti, güclü Azərbaycan Ordusu var. Onlara qalmış olsaydı bu kimi cinayət əməllərini bəlkə də daha böyük miqyasda həyata keçirərdilər. Amma Azərbaycanın bu gün rəşadətli Silahlı Qüvvələri onların bütün atəş məntəqələrini darmadağın edir. Elə döyüşdəki uğursuzluqlarının, acizliklərinin nəticəsidir ki, onlar hər zaman xaincəsinə mülki insanlara qarşı hücumları həyata keçirirlər. Bu, şərəfsizlikdir, alçaqlıqdır. Azərbaycan Silahlı Qüvvələri də onlara layiqli cavabını verir və verməkdə də davam edir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, baş vermiş hadisələrə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə H. Hacıyev qeyd edib.

Hikmət Hacıyev: "Hazırda Azərbaycan tərəfindən vəziyyət qiymətləndirilir"

"Hazırda Azərbaycan tərəfindən vəziyyətin qiymətləndirməsi işləri həyata keçirilir".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bütün beynəlxalq ictimaiyyətə də bu məlumat verilib: “Ermənistan tərəfindən yenə də öz silahlı qüvvətlərindən istifadə edərək Azərbaycanın mülki şəxslərinə qarşı bu kimi xain əməllər həyata keçiriləcəyi təqdirdə, Azərbaycan da beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyası əsasında bu hüququ özündə saxlayır ki, legitim hərbi hədəflərə qarşı zəruri tədbirləri görsün”. 

Azərbaycan Prezidentinin köməkçisi: “Həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb”

“Bütün həmsədrlər ötən gecə Gəncədə baş verənlərlə bağlı məlumatlandırılıb, onlara əlavə məlumatlar da təqdim edilib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının tapşırığı əsasında Baş Prokuror və digər şəxslərlə birgə Gəncəyə səfər ediblər: “Gəncə şəhər Baş Prokurorluğunda da baş vermiş hadisələrlə əlaqədar əlavə mətbuat konfransı keçiriləcək. Bu baş verənləri bir daha genosid aktı kimi qiymətləndiririk”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb, dağıntılar altında qalanların olduğu bildirilir.

Xilasetmə işləri davam edir.

Hikmət Hacıyev: “Ermənistan yalvararaq, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”

“Möhtərəm cənab prezidentin tapşırığı əsasında bu barbarlığı, bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

H. Hacıyev bildirib ki, Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar əsaslarla atəşkəsə çağırışlar edirdi: “Amma bunun ardınca dərhal Ermənistan Silahlı Qüvvələri çox təhlükəli silahdan – “Toçka-U” sistemindən istifadə edərək Gəncədə insanların sıx toplaşaraq yaşadığı yerləri atəşə tutub. Mülki insanlar arasında ölüm halı var. İndiyə olan məlumata görə, 9-a qədər ölüm halı var və 30-dan artıq insan yaralanıb”.


 

.