Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlara cavab olaraq Azərbaycan ordusu sülhə məcburetmə prinsipləri əsasında cavab tədbirləri həyata keçirir.

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri yüksək texnoloji üstünlüklərdən, dron texnologiyasından istifadə edərək düşmənin hərbi infrastruktur obyektlərini sıradan çıxarır:

“Sıradan çıxarılan hərbi infrastrukturların uzunmüddətli perspektivdə Ermənistan tərəfindən bərpa olunması real görünmür. Bu demək olar ki, heçə bərabərdir. Xüsusilə də Ermənistanın arxa cəbhəsində olan hərbi infrastruktur obyektlərinin, hansı ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşir, onların sıradan çıxarılması Erməni silahlı qüvvələrinin müqavimətini sarsıdır.

Bu sarsılma isə onların gələcəkdə hər hansı bir tədbirlərdən çəkinməsini şərtləndirir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin əsas hərbi infrastrukturlarına, onların maddi-texniki təchizat, logistika sistemlərinə, eləcə də hərbi sursat sistemlərinə, anbarlarına ciddi zərbələr vurulub. Bu zərbələr isə ön xətdə olan erməni silahlı qüvvələrinin təchizatını sarsıdıb. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizin işğaldan azad olunması prosesindəki mövqeyini daha da gücləndirir”.

.