XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin, Ermənistanın Azərbaycana vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər Heydər Əliyev Fondun daim diqqət mərkəzində saxladığı mövzulardır.

Bunu Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin digər bir mühüm aspekti həyata keçirilən layihələrin tarixi-ideoloji və siyasi məzmunu ilə bağlıdır.

S.Məmmədov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir: “Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib”.

Deputat vurğulayıb ki, Aşağı Gövhər Ağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir.

.