Hesablama Palatası 2021-ci ildə 46 kənar dövlət maliyyə nəzarəti (42 audit, 2 anailitk fəaliyyət, 2 moitorinq) həyata keçirib.

Bu, Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Hesabat ilində Hesablama Palatasının həyata keçirdiyi 42 auditlə tabelikdə olan qurum və müəssisələr, həyata keçirilən layihələr də daxil olmaqla, ümumilikdə 500-dən çox obyekt əhatə edilib. Hesabatda 2021-ci ilin İş planı üzrə nəzərdə tutulmuş və nəticələrinə dair qərar qəbul olunmuş 46 nəzarət tədbirinə dair məlumatlar əks etdirilib. Audit və analitik fəaliyyəti əhatə edən 44 kənar dövlət maliyyə nəzarətindən (KDMN) 32% nəzarət tədbiri ilk dəfə keçirilib. KDMN obyektləri arasında 3 ali kateqoriya dövlət orqanı, 8 mərkəzi icra hakimiyyəti orqanı və 1 digər dövlət orqanı, 7 publik hüquqi şəxs, 7 dövlət mülkiyyətində olan və dövlət səhmi olan müəssisə, 3 elm müəssisəsi, digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar olub.

MSK-da işə qəbulda qanunsuzluq aşkarlanıb

Mərkəzi Seçki Komissiyasının (MSK) 2020-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditi açıqlanıb.

Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, aparılmış kənar dövlət nəzarəti tədbiri nəticəsində müəyyən edilib ki dövlət qulluğuna qəbul test imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və "Dövlət qulluğu haqqında" qanunun tələbinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

Qeyd olunan hal və dövlət qulluğuna qəbul qaydalarının pozulmasının dövlətin kadr potensialına mənfi təsir riski nəzərə alınaraq, göstərilən qaydada işə qəbul edilmiş şəxslərin hüquqi statusunun "Dövlət qulluğu haqqında" qanununa uyğunluğu ilə bağlı yaranmış məsələnin qiymətləndirilməsi üçün Milli Məclisə, Dövlət Qulluğunu İdarəetmə Şurasına və Dövlət İmtahan Mərkəzinə təkliflər göndərilib.

Bundan əlavə, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi halda və eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi ilə bağlı əmək müqavilələri barədə məlumatların müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata alınması üçün təqdim edilmədiyi halda 877 nəfər işə qəbul olunub.

Turizm Agentliyində qanunsuzluqla əlaqədar cinayət işi açılıb, 862 min manat ziyan ödətdirilib

Hesablama Palatası Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditinin nəticələrini açıqlayıb.

Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, audit üzrə 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədi ilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi barədə, həmçinin “Azərbaycan Konqreslər Bürosu” MMC-nin fəaliyyətinə dair məlumatlarla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanılıb.

İstintaqın gedişində 862 min manat vurulmuş ziyan ödənilməsi təmin olunub.

Dövlət qurumlarında 80 milyon manat maliyyə pozuntusu aşkarlanıb

Ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80,1 milyon manat olub.

Bu, Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Qeyd edilib ki, hesabat ilinin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarət (KDMN) tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən, pul və natura ifadəsində cəmi 35,7 milyon manat məbləğində vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib, həmin məbləğin 30,8 milyon manatının bərpası, o cümlədən 23,9 milyon manatının pul ifadəsində, 6,5 milyon manatının natura ifadəsində bərpası, 0,4 milyon manat məbləğində maliyyələşmənin azaldılması və ya qarşılıqlı hesablaşmaların aparılması təmin edilib. Beləliklə, bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7 milyon manatın 86,0%-nin icrası 2021-ci ildə təmin olunub. Qalan 4,9 milyon manatın bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti il hesabata daxil ediləcək.

Bildirilib ki, nöqsanlarla icra edilmiş vəsaitin tərkibində bərpası ilə bağlı Hesablama Palatasının Kollegiyası tərəfindən birbaşa tədbirlər müəyyən edilməyən hissə 44,4 milyon manat təşkil edir. Bundan 14,1 milyon manat məbləğində vəsaitin tam bərpası bir neçə səbəbdən Kollegiya tərəfindən mümkün hesab edilməyib, qalan hissə isə digər maliyyə pozuntuları ilə əlaqəli olub. Bərpası mümkün hesab edilməyən məbləğin böyük hissəsi əsasən, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumlar üzrə formalaşıb.

Yoxlamalar nəticəsində 34,2 milyon manat dövlət vəsaiti bərpa edilib

Hesablama Palatası əvvəlki və hesabat illərindəki nəzarət tədbirlərinin nəticəsi olaraq, 34,2 milyon manat dövlət vəsaiti bərpa edilib.

Bu, Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Kənar dövlət maliyyə nəzarət obyektləri tərəfindən hesabat ilində 32 milyon manat dövlət vəsaitləri bərpa edilib. Bundan əlavə, hüquq mühafizə orqanlarına göndərilmiş materiallar üzrə dövlətə dəymiş ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Hesabat ilində 2 nəzarət tədbiri (Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası və AMEA-nın Fiziki İnstitutuna ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğun auditləri üzrə materialları) üzrə müvafiq materiallar Hesablama Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa təqdim edilib.

Bundan əlavə, 2021-ci ildə Hesablama Palatasının əməkdaşları Dövlət Təhlükəsizlyi Xidməti tərəfindən həyata keçirilən bir nəzarət tədbirində iştirak edib.

Əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticəsi üzrə qurumlar tərəfindən atılmış addımlar hesabat ilində də izlənilib, bu istiqamətdə 10-dan çox qurumdan məlumatlar daxil olub. Belə ki, Qeyri-Hökumət Təşkilatlarlna Dövlət Dəstəyi Şurası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti, Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, DSMF-nin 2 və 5 saylı şöbələri, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, AMEA tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC tərəfindən ümumilikdə 0,8 milyon manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, 239,2 min manat maliyyələşmə məbləği azaldılıb, 156,7 min manat natura formasında dövlət vəsaiti bərpa edilib.

.