Hesablama Palatası bitkiçiliyə dövlət dəstəyi sahəsində nöqsanlar aşkar edib.
Yenizaman bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumda növbəti kollegiya iclası keçirilib. İclasda Hesablama Palatasının auditoru Cavid Bayramov 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlər üzrə) səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrini təqdim edib.
Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və digər məsul şəxslər iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Hesablama Palatasının təklif və tövsiyələri nəzərə alınacaq.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsi barədə qərar qəbul olunub.
Bundan başqa, iclasda 2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib, gündəlikdə olan digər məsələlərə baxılıb.
.
