Azərbaycan ordusunun cəbhə xəttindəki uğurları, işğal altında olan torpaqlarımızı azad etməsi, vətəndaşlarımızın milli ruhunu, birlik, həmrəylik hisslərini daha da yüksəldir. Amma düşmən çox hiyləgərdir. An gözləyir ki, hər hansı bir təxribat törədsin, odur ki, hər birimiz bu günlərdə diqqətli və ayıq-sayıq olmalıyıq.   Hər hansı bir şübhəli məqam olduqda, dərhal hüquq mühafizə orqanlarına məlumat verilməlidir.

 Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də ölkədə terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bildirib ki, Azərbaycanda əvvəllər də Ermənistan mənşəli təşkilatçıların terror aktı törətdiyi məlumdur: “Xüsusilə bu terror aktları metro, ictimai nəqliyyatda, insanların sıx məskunlaşdığı yerlərdə həyata keçirilib. Bununla yanaşı biz Azərbaycanda olan diplomatik nümayəndəliklərə də məlumat vermişik ki, təhlükəsizlik səviyyəsi artırılsın”.

Düzdür vətəndaşlarımız kütləvi informasiya vasitəsləri ilə və sosial şəbəkələrdən kifayət qədər məlumatlandırılır amma fikrimcə hazırki dövrdə xəbərdaredici tematikada olan plakatların tirajlanması da çox aktualdır. İstənilən müharibələr dövründə plakatlar çox mühüm təbliğati rola malik olub. Plakatlar ən geniş yayılmış kütləvi aqitasiya vasitələrindən biri sayılır. Onlardakı təsvirlər və çağırışlar vasitəsi ilə insanları müəyyən hərəkətlərə, diqqətli və ehtiyyatlı olmağa  yönəltmək olur. Plakatlarla istəklər daha aydın şəkildə qavranılır. Onlar yalnız məlumat daşıyıcıları və rabitə vasitələri deyil, həm də real həyatı bütöv şəkildə əks etdirə bilir. İkinci Dünya Müharibəsi dövründə “Diqqətli ol düşmən yatmır”, “Düşmən min cildə girə bilir”, “Sus danışma” və s.. tematikalı plakatlar bu gün bizim situasiyada da çox aktualdır. Əlbəttə ki, təsvirlə yanaşı lakonik çağırışçı, vətənpərvər və emosional şüarlar istifadə edilməlidir. Məsələn: “Ağzı boşluğun düşmənə xoşdu!”, “Selfi, foto, internet düşməndən gəldi raket!”, “Diqqətli ol, düşmən min sifətlidir!”  Bu plakatlar istənilən yerlərdə yapışdırılmaqla yanaşı virtual şəkildə də paylaşıla bilər.

Rəşad Nəsirov Əməkdar jurnalist
 

.