“Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi Qaydası" təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qayda “Narkoloji xidmət və nəzarət haqqında” qanuna uyğun olaraq hazırlanıb və müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi qaydasını müəyyən edir.
Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq, xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.
İcbari narkoloji müayinədən keçmə vaxtı şəxslərin xidmət keçdikləri hərbi hissənin, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri ilə tibb müəssisələrinin rəhbərləri arasında əvvəlcədən olan razılıq əsasında müəyyən edilir.
Şəxslərin tibb müəssisələrində icbari narkoloji müayinədən keçmələri müvafiq orqanların rəhbərləri tərəfindən təmin olunur.
İcbari narkoloji müayinə müddətli həqiqi hərbi xidmətə çağırışı həyata keçirən orqana və tibb müəssisələrinə dövlət büdcəsindən ayrılmış büdcə təxsisatları çərçivəsində aparılır.
Tibb müəssisəsi tərəfindən şəxsin icbari narkoloji müayinəsinin nəticəsinə dair sənəd tərtib edilir, tibb müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən təsdiqlənir və müvafiq orqana (orqanın aidiyyəti struktur bölməsinə) göndərilir, surəti isə tibb müəssisəsində saxlanılır.
İcbari narkoloji müayinənin nəticəsinə dair sənəddə şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak edilməsi faktının aşkarlanması və aparılan laborator tədqiqatların nəticələri əks olunur.
Tibb müəssisəsində icbari narkoloji müayinə zamanı əldə olunan nəticələrin qeydiyyatının aparılması təmin edilir. Müvafiq orqanlar şəxsin icbari narkoloji müayinəsinin nəticələrindən irəli gələn, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edirlər.
.