Yenizaman.az ARB Cənub-a istinadla xəbər verir ki, son aylar dərman qıtlığı ilə bağlı narazılıqlar tez-tez eşidilirdi. Xəstələr həkimin təyin etdiyi dərmanları almaq üçün şəhərin bütün apteklərini gəzməyə məcbur olurdular. Apteklər tapılmayan dərmanların əvəzedicilərini təklif edir, həkimlər isə əvəzedicilərin istənilən effekti vermədiyini söyləyirdilər. Sentyabrın əvvəlindən "yoxa çıxan" şəkər əleyhinə preparatlar, bəzi vitamin və ağrıkəsicilərin bu aydan apteklərə gətirilməsi bərpa edilib, amma fərqli qiymətə. ARB Cənub-un əməkdaşı mövzunu Lənkəranda araşdırıb.Artıq 3 aya yaxındır ki, insanlar əllərində resept şəhərin apteklərini dolaşırdılar. Axtardıqları dərmanı apteklərdə tapa bilməyən sakinlər hara müraciət edəcəklərini də bilmirdilər. Apteklərdə əsasən Rusiya istehsalı olan ağrıkəsicilər, şəkər əleyhinə preparatlar və bəzi vitamin qrupuna aid olan dərmanlara rast gəlmək mümükün deyildi.
Apteklərdə də sakinlərin dediyini təsdiqlədilər. Əczaçılar apteklərdə dərmanların tapılmamasının bir səbəbi kimi də əhalinin bu dərmanları çox işlətməsini görür.
Əczaçı Elazə Əhmədova: "Levomiçeçin daha çox gəzirdilər, diklofenak idi tabletka şəklində, ortafen idi. Onlar hardasa bir 2 aya yaxındır ki, yoxdur. Eyni tərkibdə başqa adda var. Sadəcə bizim əhali öyrəşib o ada, deyir mütləq o dərman olmalıdır.”
Əczaçı deyir ki, əhalini çaş-baş salan həkimlərin alternativ dərmanı qəbul etməməsi, onları yalnız reseptə yazdığı adda firma dərmanını almağa məcbur etməsidir.
Əczaçı Elazə Əhmədova: "Səhiyyə Nazirliyindən də əmr gəldi həkimlərə ki,onun tərkib hissəsi yazılmalıdır,bizim həkimlər ona indi riayət etmirlər,yenə də zavodda istehsal olunan adı yazırlar.”
Artıq depolara dərmanlar daxil olur və tədricən apteklərdə bu dərmanların satışı bərpa olunur, amma yeni qiymətlərlə. Noyabrın 28-dən Tarif Şurası 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətlərini təsdiq edib. Eləcə də, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Yəni bütün dərmanların qiymətində 11-12 % artım olub.
Əczaçı Elazə Əhmədova: "Dekabrın 1-dən dərmanların gəlişi bərpa olunub. Bir dərmanımız 2 manat 20 qəpik idisə, həmin dərman indi 2 manat 40 neçə qəpiyə gəlir.”
Yalnız bəzi dərman vasitələri var ki, onlar psixotrop dərman maddələridir. Bunlar da dövlət tərəfindən qəbul olunub, poliklinikalara verilir.
