“Sağlam insanlara nisbətən talassemiya xəstələrinin immun sistemləri daha zədəli olduğu üçün COVID-19 pandemiyası dövründə mümkün qədər özlərini təcrid etmələri tövsiyə olunur”.

Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim hematoloqu Şəhla Şabanova deyib.

O bildirib ki, zəif immun sisteminə sahib olduqlarına görə COVID-19 onlar üçün həyati təhlükə daşıya bilir: “Bu səbəbdən də onların vaksinasiyadan keçmələri məsləhət görülür. Hazırda mövcud COVID-19 pandemiya dövründə davamlı qan ehtiyacı olan talassemiya xəstələri üçün dövlət proqramı çərçivəsində qan köçürmənin periferik rayonlarda təşkili təmin olunur. Pandemiya dövrü ilə əlaqədar qan bağışlama - qan donorluğu üçün müraciət nisbətən azalır, lakin talassemiya xəstələri üçün qan davamlı tələbat olduğuna görə "Qqan bağışlamaq həyat qurtarır" devizi ilə tez-tez aksiyalar təşkil edilir”.

Həkimin sözlərinə görə, ölkəmiz talassemiya xəstəliyi üçün endemik zona olduğu üçün 2015-ci ildən nigaha daxil olan şəxslərin talassemiya daşıyıcılığına görə skrininq müayinələri aparılır: “Analizlər nəticəsində aşkarlanan talassemiya daşıyıcılığı nikah öncəsi hər 2 fərdə gözlənilən xəstəliyin qarşısını almaqda köməkedir. Gələcəkdə xəstəlik olmasın deyə 2 daşıyıcının evlənməsinin qarşısını alır və ya planlı hamiləliklə talassemiya xəstəsi övladın doğulmasına əngəl olur. Ölkədə hazırda 4116 nəfər talassemiya xəstəsi qeydiyyatdadır”.

.