“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır stabil olaraq qalır. Ötən gün ərzində onun vəziyyətində ciddi dəyişiklik baş verməyib”.

Bunu  Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B.Bağırzadə süni ventilyasiya aparatına və ECMO cihazına qoşulu vəziyyətdədir: “Təyinat üzrə müalicə davam etdirilir”. 

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

.