Prezidentin imzaladığı son sərəncama görə, geni modifikasiya olunmuş (GMO) məhsulların ölkəyə gətirilməsi və ölkədə becərilməsi ilə məşğul olanlar Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunacaq.
Belə ki, GMO məhsulları satmaq məqsədilə ölkəyə gətirənlər 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə, onu ölkədə istehsal edənlər isə 4 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Bəs bu sərəncam vəziyyətə necə təsir edəcək?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov virtualaz.org saytının bu sualını cavablandırarkən deyib ki, GMO məhsullar ciddi problem olsa da onları ölkəyə daxil olarkən müəyyənləşdirib ayırd etmək üçün lazımi laboratoriya yoxdur.
"Bu məsələ çox zəruridir. Çünki ölkəyə geni modikifiyasiya olunmuş kifayət qədər məhsul gətirilir və satılır. Həmçinin belə məhsullar burada da çox istehsal olunur. Sərəncam da yerindədir, amma digər tərəfdən, ölkədə müstəqil, normal ekspertizaların olmaması problemin həllini ləngidir. Azərbaycanda istehsal olunan və satılan qarpızın 70 faizi, pomidorun 60 faizi, kartofun 40 faizi və s. GMO məhsullardır. Azərbaycana ən çox da İran və Türkiyədən geni modifikasiya olunmuş məhsullar gəlir” - deyə E.Hüseynov bildirdi.
Lazımi tədqiqatların aparılmadığını vurğulayan E.Hüseynov əlavə etdi ki, ölkədə yetişdirilən GMO məhsullar həm ətraf mühitə, həm də bu məhsullardan istifadə edən insanların sağlamlığına ciddi təsir edir: "Bu da yüksək səviyyəli laboratoriyaların olmasını tələb edir. Azad İstehlakçılar Birliyi də öz növbəsində çalışır ki, standartlara cavab verən laboratoriya qursun. Ölkəyə girişdə heç bir laboratoriyada GMO məhsul yoxlanmır. Təkcə sənədlərə baxılır ki, GMO-dur, yoxsa yox. O sənədlərdə də çox vaxt bu, qeyd olunmur. Bizim əlimizdə buna dair faktlar var. Heyvan yemlərinin bir çoxu, hətta körpə qidalarının da içində GMO məhsul var”.
Bəzi xarici ölkələrdə makretlərdə GMO məsulla, adi məhsulun üzərində bu barədə qeyd olunur və müştəri özü seçim edir. Təbii ki, geni modifikasiya olunmamış, təbii məhsul daha baha olur. Bəs bu təcrübəni Azərbaycanda tətbiq etmək olarmı?
Ekspert deyir ki, bu işdə də qanunvericiliyin tələbi yerinə yetirilmir: "Azərbaycanda bu barədə də qanun qəbul olunub. Qanunda bildirilir ki, məhsulun üzərinə onun GMO olub-olmadığı qeyd edilməlidir. Çox təəssüf ki, bu qanun da həyata keçirilmir. Halbuki istehlakçının seçim hüququ var”.

.