Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.


Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib. Qeyd olunan zibil və salfetka qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada, ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

.