"Turan” klubunun keçmiş baş məşqçisi, tanınmış türk futbol mütəxəssisi Naci Şensoyun AzNews.az-a müsahibəsi:

- Naci bəy, Azərbaycan futbol klublarının oyunlarını izləyirsinizmi?

- Oyunları izləmək üçün elə də çox vaxt tapa bilmirəm. Amma nəticələrindən xəbərdaram.

- "Qarabağ”ın Avopa Liqasındakı çıxışından yəqin ki, xəbəriniz var.

- Əlbəttə...

- Sizcə "Qarabağ” qrupdan çıxa bilərmi?

- Qarabağ son illərdə Azərbaycanın ən sabit klubu olub. Hədəflərini hər il daha da yüksəldir. Bu il Çempionlar Liqasının qrup oyunlarında da qalmaq şansları var idi. Təəssüf ki, bəxtləri gətirmədi, 85-ci dəqiqədə bərabərlik qolunu qapılarından buraxdılar və uzaqlaşdırıldılar. 

Lakin psixoloji xəhətdən tez toparlandılar və Avropa Liqasının qrup matçlarına qalmağı bacardılar. Düzünü desəm, qrupları çox güclüdür. Məncə bu il də "Qarabağ" öz qrupunda daha bir təcrübə qazanacaq və yenə uzaqlaşdırılacaq. 

Bu dəfəki təcrübə gələcəkdə daha böyük uğurlara imza atmaqda "Qarabağ” üçün önəmli olacaq.

"Qarabağ"ın gediş xəttini Bolqarıstanın "Lufohoreyz" klubuna bənzədirəm. Səbrli olmaq lazımdır və böyük hədəflərdən əsla imtina etməməlidirlər.

- Bəs Avroliqadakı digər klubumuz - "Qəbələ” ilə bağlı nə düşünürsünüz?

- "Qəbələ” də xaricdə mükəmməl şəkildə Azərbaycanın reklamını edir. Fransa klubu "Lion"u kənarlaşdıra bilmək 15 il əvvəl Azərbaycan fotbolsevərləri üçün sadəcə bir xəyal idi. Amma indi gərçək oldu. 

"Qəbələ” "Qarabağ”ın yolu ilə gedir. Belə sabit və planlı bir şəkildə idarə olunmağa davam etsələr, onlar da Çempionlar Liqasının qrup matçlarında iştirak etməyə nail olacaqlar. 

Mən həm "Qarabağ”, həm də "Qəbələ” rəhbərliyini, böyük düşüncələri və ideyalarına görə təbrik edirəm. Çox düzgün yoldadırlar.

- Naci bəy, "Neftçi”nin hazırki durumundan xəbəriniz varmı?

- Bəli... Təəssüf ki, Azərbaycan flaqmanının bu günlərə düşəcəyini əsla gözləməzdim. Səbəbkarlar mütləq tapılmalıdır və lazım olan tədbirlər görülməlidir. Çünki İspaniya üçün "Real" (Madrid), Almaniya üçün "Bavariya" ya da Türkiyə üçün "Galatasaray" nədirsə, Azərbaycan üçün də "Neftçi" odur.

Əgər "Neftçi" rəhbərliyndə olan şəxslər bu həqiqətin fərqində deyildilərsə, bəs niyə idarə etməyə razı olublar? Hər şey rəhbərlikdən asılıdır.

"Neftçi" tərəfdarlarına səbr diləyirəm və "Neftçi" kimi bir nəhəng ancaq bu qədər aşağıya düşə bilərdi. Bundan sonra atılacaq düzgün addımlarla inanıram ki "Neftçi" keçmiş günlərinə dönəcək. 

- Azərbaycan Premyer Liqasında "Neftçi”nin "Qəbələ”yə 0:8 hesabla məğlub olmasından xəbəriniz oldu?

- Bəli, xəbərim var.

Sözün bitdiyi yerdir... Heç kimin "Neftçi" kimi bir kluba bu rüsvayçılığı və biabırçılığı yaşatmağa haqqı yoxdur. Buna görə kim məsuliyyət daşıyırsa, o, ortaya çıxmalıdır və istefa verməlidir.

- Bəs sizcə "Neftçi”nin bu vəziyyətə düşməsinin səbəbi kimdir və ya nədir?

- Balıq başdan iylənir. Bir vaxtlar "Qəbələ" kimi komandalar "Neftçi"yə 3 fərqlə uduzanda "şərəfli məğlubiyyət aldıq” deyə sevinirdilər. İndi isə "Neftçi”yə 8 qol vura bilirlər. Buna görə deyirəm ki, hər şey rəhbərliklərin görüntüsündən asılıdır.

Aydındır ki, bugünkü "Neftçi" rəhbərliyi nə qədər böyük bir klubun başında olduqlarının fərqində deyillər. O zaman getməlidirlər. Bunun başqa bir izahı ola bilməz və olmamalıdır.

- Necə düşünürsünüz, flaqman bundan sonra əvvəlki vaxtlarına qayıda bilərmi?

- Mütləq... Aslan aslandır. Onu siçana çevirənlər lazım olan tədbiri görməli və istefa verməlidir. 

Yeni gələn rəhbərlik bu edilən səhvlərdən dərs alsalar və hər şeydən əvvəl "Neftçi" kimi böyük bir kluba rəhbərlik etməyin məsuliyyətini dərk etsələr, hər şey əvvəlki kimi olar.

Təbii ki, maliyyə problemləri də var... Ən azından "Qarabağ” və "Qəbələ”nin uğurlarına çata bilmək üçün lazım olan optimal büdcənin yaradılması və maliyyə cəhətdən rahatlaşması da çox vacibdir. 

- Naci bəy, sizə yenidən Azərbaycandan təklif gəlibmi?

- Xeyr. Çünki mən heç vaxt boş qalmamışam. Davamlı çalışmışam. Buna görə Azərbaycanın hər hansı bir klubu mənə təklif göndərə bilməzdi. Amma hazırda boşam. Əgər çox sevdiyim Azərbaycanın hər hansı bir klubundan təklif gələrsə, sevə-sevə dəyərləndirərəm.

Çünki Azərbaycanda nə qədər sevildiyimi və təqdir olunduğumu çox yaxşı bilirəm. Onlar məni sevir, mən də onları... Ümid edirəm ki, bu sevgi heç bitməz və mən də bir daha Azərbaycanda çalışmaq fürsəti əldə edərəm.


.