
"Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb".
Bunu APA-ya açıqlamasında iş adamı, "Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) deyib.
O, müəyyən problemlər olduğunu da etiraf edib: "Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".
İ. İbrahimov bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Saxlanılanlar sırasında "Avesta" konserninin rəhbəri hacı İbrahim Nehrəmlinin də olduğu deyilir.
Dövlətdən götürdüyü milyonlarla krediti geri qaytarmayan iş adamının ciddi maliyyə böhranı ilə üzləşdiyi bildirilir.
Şirkətdən adının açıqlanmasını istəməyən şəxsin azvision.az-a verdiyi məlumata görə, konsern böyük maliyyə problemi ilə üzləşib. Bu səbəbdən işçilərin maaşlarında son aylar gecikmələr olub. Hətta holdinqdə ciddi ixtisarların aparılacağı haqda işçilərə xəbərdarlıq da edilib.
Mənbə şirkətin "Azərcell" mobil operatoruna da borclu olduğu vurğulayıb. Bildirib ki, "Azərcell"in şirkətdaxili abunə tarifləri ödənilmədiyindən işçilər üçün nəzərdə tutulan mobil telefonların xətti bağlanıb.
"Bir aydır ki, şirkət "Azərcell"ə olan borclarını ödəyə bilmir. Ona görə həmin operatorun danışıq tariflərindən istifadə edə bilmirik", - deyə mənbə qeyd edib.
Xatırladaq ki, "Avesta" holdinqinin sahibi hacı İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilib. Onun məlum maliyyə fırıldaqçılığına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyi bildirilib.