Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edir:
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar son dövrlərdə qismən nikbin ab-havanın yaranmasına baxmayaraq, Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən bəyanatlar bu ölkənin sülhün əleyhinə olduğunu nümayiş etdirir. Növbəti belə bir bəyanatla Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan "Sputnik Armenia”ya verdiyi müsahibəsində çıxış edib. Bu barədə nə deyərdiniz?
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticəyönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlarına baxmayaraq, son dövrlərdə Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir. Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil.
Sülh ifadəsinə qarşı çıxış etmək Ermənistanın "münaqişənin məxsusi olaraq sülh yolu ilə həll edilməsi” barədə açıqlamalarının yalnız deklarativ xarakter daşıdığını, Ermənistan əsl məqsədinin regionda dayanıqlı sülhün təmin edilməsi deyil, hərbi işğala əsaslanan status-kvonu saxlamaq olduğunu açıq şəkildə nümayiş etdirir.
Ermənistan baş nazirinin mətbuat katibi bir məqamı düzgün qeyd edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə dialoq və təmaslarına maneə olan hal isə Ermənistanın işğalçılıq siyasəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında belə dialoqun yaranmasına və sülh şəraitində gələcək birgəyaşayışın müzakirə edilməsinə imkan vermir. Ona görə də ilkin və ən vacib addım kimi, BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə, Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır.
- Ermənistanın yeni hökuməti "iqtisadi inqilab” şüarı ilə çıxış edərək iqtisadi inkişafla bağlı yeni proqram təqdim edib. Avropa İttifaqının dəstəyi ilə bu günlərdə münaqişənin həllinin iqtisadi dividendləri ilə bağlı hesabat hazırlanıb. Münaqişə həll edilmədən Ermənistanın iqtisadi inkişafı mümkündürmü?
- İqtisadiyyatın öz qanunları var və iqtisadiyyat inqilabı şüarlar deyil, orta və uzunmüddətli baxışa əsaslanan ardıcıl və planlı iş tələb edir. Münaqişə həll edilmədən Ermənistanda hər hansı iqtisadi sıçrayışın əldə edilməsini iddia etmək utopiyadır.
Avropa İttifaqının sifarişi ilə hazırlanan sözügedən hesabatla tanışıq və orada əks olunan bəzi tezisləri bölüşürük. Əslində Azərbaycan Respublikası həmişə bunu bəyan edirdi ki, münaqişənin həlli regional əməkdaşlığa və çiçəklənməyə xidmət edəcək və bundan da, ilk növbədə, Ermənistan əhalisi faydalana biləcək. Başqa sözlə desək, iqtisadi praqmatizm münaqişənin həllində təsir göstərə biləcək vacib amillərdən biridir.
Hərbi işğalı davam etdirmək Ermənistanın siyasi, iqtisadi və demoqrafik resurslarını tükətməklə yanaşı, kiçik daxili bazara malik olan Ermənistanı real regional əməkdaşlıq imkanlarından, investisiyalardan və dayanıqlı inkişafdan məhrum edir.
Hələ də ümidvar olmaq istərdik ki, Ermənistanın yeni rəhbərliyi Köçəryan-Sarkisyan kriminal xuntasının səhvlərini təkrar etməyəcək, siyasi və iqtisadi praqmatizm nümayiş etdirərək münaqişənin həlli istiqamətində ciddi addımlar atacaq, işğalçılıq siyasətinə son qoyaraq regional sülh və çiçəklənmə yolunu seçəcək.
.