“Biz hamımız onunla razıyıq ki, regionda uzunmüddətli sülhə və sabitliyə alternativ yoxdur. Buna görə də bizim təşəbbüsümüz çox xoş qarşılanır”.

Bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyanın iclasından sonra deyib.

O bildirib ki, Gürcüstan Baş nazirinin BMT Baş Assambleyasının 76-cı sessiyasında səsləndirdiyi “Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsü”nə ABŞ və Avropa İttifaqı (Aİ) əhəmiyyətli dəstək verir.

D. Zalkaliani qeyd edib ki, komissiyanın iclasında uzunmüddətli sülhə və mühüm infrastruktur layihələrinin inkişafına yardım edəcək bir neçə memorandum imzalanıb: “Səfərimiz çox uğurlu oldu. Bu, son üç ayda ikinci səfərdir. Birinci rəsmi səfər zamanı bu səfərin də keçirilməsinə razılıq verildi, çünki Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiya müxtəlif səbəblərdən on ildir keçirilməyib. Bildiyiniz kimi, Azərbaycan bizim strateji tərəfdaşımız, vacib qonşularımızdan biridir. Bizim çox ciddi, dərin və hərtərəfli əlaqələrimizin olması vacibdir və bu əlaqələr strateji səviyyədədir”.

XİN rəhbəri vurğulayıb ki, komissiyanın iclasında vacib infrastruktur layihələrindən, iqtisadi və ticarət əlaqələrinin ikiqat artması baxımından atılacaq addımlardan, pandemiya şəraitində effektiv əməkdaşlıqdan danışılıb.

Tərəflər regionda yeni geosiyasi mühiti də müzakirə edib.
 

.