Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistana rəsmi səfəri çərçivəsində həmkarı Vaaqn Xaçaturyan ilə görüşüb.

Bu barədə məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.

Təkbətək görüş zamanı müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Gürcüstan Prezidenti erməni həmkarına ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə Gürcüstan və Ermənistandakı mövcud siyasi proseslər müzakirə edilib, regional sülh və sabitliyin vacibliyindən danışılıb.

Mixeil Kavelaşvilinin sözlərinə görə, Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin bu yaxınlarda Tbilisidə keçirilmiş üçtərəfli görüşü Gürcüstanın Cənubi Qafqaz regionunda dialoq, sülh və sabitliyin təşviqinə hazır olduğunu bir daha əyani şəkildə təsdiqləyir.

Prezident, gələcəkdə də üç ölkə arasında qeyd olunan formatda işlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

.